Xəbər lenti

“Bu gün xanımımla əl-ələ tutub evdən gedəcəyik” - 65 yaşlı Əməkdar artist
Sənət 12:59 29.04.2022

“Bu gün xanımımla əl-ələ tutub evdən gedəcəyik” - 65 yaşlı Əməkdar artist

Əməkdar artist Rəhman Rəhmanov... Dövlət kukla Teatrının aktyoru. Onu Azərbaycancanda sevməyən yoxdur bəlkə də, xüsusən də balacalarıın dostu-sirdaşıdır. Tamaşaçıların yaddaşında nağıl qəhrəmanlarımızdan olan - Div, Canavar, "Şəngülüm, Şüngülüm, Məngülüm” kimi obraz və tamaşalarla qalıb. 
 
Amma... Belə bir aktyor ömrünün 50 ilini yarımzirzəmidə, bir otaqlı mənzidə keçirib. Bu gün də söhbət əsnasında "təki ürəklər geniş olsun” deyə özünə təskinlik verir...

- 65 yaşım var, bu gün yubiley mərasimimdir. Sağ olsunlar, bu gün "Space”də yubileyim qeyd olunacaq, böyük bir tort kəsiləcək. Sabah da daha bir televiziyada olacağam. 65 illik yubileyi yavaş-yavaş qeyd edəcəyik. 
 
- Bəs, Dövlət Kukla Teatrının yubiley hədiyyəsi nə olacaq?
 
- Olmazmı, əlbəttə ki, olacaq. Amma teatrın mənim üçün hazırladığı tədbiri müvəqqəti olaraq təxirə saldım.
 
- Niyə?
 
- 1 İyun Beynəlxalq Uşaq günüdür. Mən həmin günü Kukla Teatrında işə düzəlmişəm. Həmin günü mənim bu teatrda işləməyimin 48 ili tamam olur. 48 il bir insanın ömrüdür. Mən də həmin ömrü bu teatrın səhnəsinə həsr etdim. Bundan da qürur duyuram. Teatrın rəhbərliyi mənə yubiley tədbiri keçirirdi. Ondan xahiş etdim ki, tədbiri 1 iyuna keçirsinlər. Yaxşı bir məclis olacaq, tamaşaçılarla dialoq, oynadığım obrazlardan səhnələr və s. 
 
- Sənət adamlarının 65 illik yubiley mərasimləri dövlətin diqqətində olur. Bəs, siz Mədəniyyət Nazirliyindən, dövlətdən nə gözləyirsiniz?
 
- Dövlətimiz sağ olsun, hazırda Prezident Mükafatı alıram. Mənə Əməkdar artist kimi fəxri ad veriblər, naziririmiz fəxri fərmanla, Teatr Xadimləri İttifaqı da medalla təltif edib. Saysız-hesabsız mükafatlarım var, daha bundan sonra neyləsinlər. 65 yaşda aktyorları təqaüdə çıxarırlar, amma məni teatrda saxladılar, sağ olsunlar… Mənə bu boyda qiymət qoyublar, sənətimi qiymətləndiriblər. Deyiblər ki, "biz Rəhmanı itirə bilmərik, o teatrda işləməli və səhnə fəaliyyətinə davam etməlidir. Mən bunu necə qiymətləndirməyim? Ona görə də onlara sağ olun deyirəm.
 
- Yəqin ki, axşamdan fikirlər-düşüncələr içərisindəsiniz. 65 yaş, "heç bilmədim necə gəldi, necə keçdi” deyə heyifslənirsinizmi?

- Hə, doğrudan da necə keçdi bu ömür? Heç nə gözləmirəm, kimdənsə nəsə ummuram da. 50 ilə yaxındır Kuka Teatrındayam. Vaxt vardı mənim balaca uşaq olaraq nağıllarıma, tamaşalarıma gələn tamaşaçılar boya-başa çatdılar, özləri övlad, nəvə sahibi oldular. İndi həmin adamlar mənim tamaşalarıma nəvələrini gətirir. Allahdan bir az da ömür arzulayıram ki, həmin tamaşaçılarım bir azdan sonra mənim tamaşalarıma nəticələrini gətirsinlər. Bundan başqa arzum yoxdur. Bu gün həyat yoldaşımla əl-ələ tutub, çıxıb gedəcəyik.
 
- Hara gedirsiniz?
 
- Ev darısqaldı, otura bilmirik, çıxıb gedirik. Mənim dostum var, Xalq artistidir, adını demiyəcəm, bizi qonaq çağırıb, 65 yaşımı onunla birlikdə ailəvi restoranda qeyd edəcəyik, vəssalam. Bununla da gecəni başa vuracağam.
 
- Ailədir, həyatdır, hər gün dedi-qodu, qeybət, dava-dalaşla yaşayan, ömrünü deyingənliklə keçirən insanlarımız var. Qadınlar bütün günü "Sən nə vaxt pul qazanacan, sənin nə vaxt evin olacaq, xalxın kişiləri var, damı-dam üstə qoyurlar” kimi sözlərlə həyat yoldaşlarının başının ətini yeyirlər. Sizə də həyat yoldaşınız Gülbiçə xanım tərəfindən nəsə belə qaxınclar olubmu? Ümumiyyətlə, həyat yoldaşınız sizə ərə gəldiyi üçün peşiman deyil ki?
 
- Allah eləməsin, Gülbiçə xanım heç peşiman deyil, bu gün də özünü mənə ərə gəldiyi üçün xöşbəxt sayır. Əsas kişinin xasiyyəti və xarakteridir. Hər bir ailədə mehribanlıq olmalıdır. Səmimiyyət hər şeyi ört-basdır edir. Evləndiyimiz gün aramızda olan sevgi bu gün evimizdə və münasibətlərdədir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->