Xəbər lenti

Büdcədən dotasiya almayan rayonlar necə maliyyələşəcək? (ŞƏRH)
Ekonomiks 13:25 06.01.2025

Büdcədən dotasiya almayan rayonlar necə maliyyələşəcək? (ŞƏRH)

"Rayonların özünü maliyyələşdirməsi və ya dotasiya almasında əsas meyar rayonun özünün gəlirləri və xərclərinin müqayisəsidir. Çünki nəticə etibarı ilə rayonun və şəhərin gəlirləri daha çox olursa, bu, həmin rayon və şəhərin öz xərclərini ödəməsinə gətirib çıxarır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında millət vəkili Vüqar Bayramov 62 şəhər və rayonuna dövlət büdcəsindən pul ayrılmayacağının səbəblərindən danışarkən deyib. 

Deputat bildirib ki, bu konteksdən Laçın, Ağdərə, o cümlədən Zəngilanda dövlət proqramları çərçivəsində infrastrukturun formalaşdırılması və inkişafı həyata keçirilir:
 


"Bu xərclər təbii ki, dövlət büdcəsindən reallaşır. Amma nəzərə alaq ki, həmin rayonların hələlik xərcləri nisbətən azdır. Bu da təbii ki, həmin rayonlarda məskunlaşma ilə bağlıdır. Həmin rayonların əhalisinin əhəmiyyətli hissəsi kənarda məskunlaşıblar. Onlarla bağlı bəlli xərclər dövlət tərəfindən qarşılanır".
 
Vüqar Bayramovun sözlərinə görə, artıq həmin rayonlarda biznesin mərhələli şəkildə inkişafını və iqtisadiyyatın formalaşmasını müşahidə edirik:

"Xüsusən Laçın və Zəngilanda artıq özəl sektorun sərmayə qoyuluşları həyata keçirilir. Bu da rayonun yerli gəlirlərinin artmasına gətirib çıxarır. Bu konteksdən bütün bunlar rayonun gəlirliyinə təsir göstərir. Bu da imkan verir ki, həmin rayonlar xərclərini yerli gəlirlər hesabına ödəyə bilsin". 

Qeyd edək ki, Azərbaycanın 62 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına təmin edəcək. Dövlət büdcəsindən 5 rayona isə vəsait ayrılıb.

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->