ChatGPT və "Google"u geridə qoydu: Dünyada yeni ən çox yüklənən tətbiq
"OpenAI" şirkətinin süni intellektlə video yaradan tətbiqi "Sora" cəmi iki gün ərzində ABŞ "App Store" reytinqinin zirvəsinə qalxıb. Beləliklə, proqram ChatGPT və "Google Gemini" kimi nəhəngləri də geridə qoyub.
Qaynarinfo xəbər verir ki, "Appfigures" analitik platformasının məlumatına görə, "Sora"nı ilk sutkada 56 min, iki gün ərzində isə ümumilikdə təxminən 164 min "iPhone" istifadəçisi yükləyib. Bu göstərici ChatGPT də daxil olmaqla bir çox digər süni intellekt tətbiqlərinin debüt nəticələrini üstələyib.
Hazırda "OpenAI Sora" yalnız ABŞ və Kanada hesabı olan "iPhone" istifadəçiləri üçün əlçatandır və tətbiqdən istifadə etmək üçün xüsusi dəvət (invayt) tələb olunur. Ekspertlər qeyd edirlər ki, bu uğur süni intellekt vasitəsilə qısa video yaradan tətbiqlərə artan marağı nümayiş etdirir.
"Sora by OpenAI" tətbiqi sentyabrın 30-da təqdim edilən "Sora 2” neyrovideo modeli əsasında işləyir. Yeni model kino keyfiyyətində videolar yarada bilir, istifadəçilərin üz və səslərini dəqiq şəkildə təqlid edir və fizika anlayışında da əvvəlkindən xeyli inkişaf edib.
Mobil tətbiq "TikTok"a bənzər şəkildə qurulub: istifadəçilər süni intellektlə yaradılmış videoları izləyə və öz lentlərini fərdiləşdirə bilirlər. Lakin adi kamera ilə çəkilən videoları yükləmək burada mümkün deyil.
Süni intellekt əsasında video yaradan platformalar arasında rəqabət sürətlə artır. Keçən həftə "Meta" şirkəti yalnız Al videolar üçün nəzərdə tutulan "Vibes" adlı yeni "Shorts” platformasını istifadəyə verib. "Google" isə "Veo 3" video generatorunu "YouTube"a inteqrasiya edəcəyini təsdiqləyib.
Eyni zamanda, ChatGPT çatbotu artıq internet üzərindən məhsul axtarışı və ödəniş əməliyyatlarını bir kliklə həyata keçirə bilir. Mütəxəssislər hesab edirlər ki, bu yenilik onlayn ticarət mühitini tamamilə dəyişə bilər, çünki uzun illər əsas giriş nöqtəsi sayılan "Google" və "Amazon"un rolunu indi süni intellekt köməkçiləri tədricən əvəz etməyə başlayır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər