"Ermənistan sülhə gedən bütün yolları minalamaqda davam edir. Sülh üçün edilən çağırışlara məhəl qoymur və Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsində tarixi realıq və beynəlxalq hüququn bərpa olunmasından imtina edir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistan XİN-in İƏT-in İstanbul sammitində Ermənistandan deportasiya edilmiş Qərbi azərbaycanlılarla bağlı qəbul etdiyi qətnamələrlə bağlı əsassız bəyanatını şərh edərkən deyib.
Hikmət Babaoğlu bildirib ki, bu da nəticə etibarı ilə regional inteqrasiyaya, sülhə və kommunikasiyaların açılmasına yönəlmiş addım kimi qiymətləndirilməlidir:
"Çünki etibarlı sülhün əldə olunması ilk növbədə ictimai etimad mərhələsindən keçməlidir. İctimai etimadı təmin edəcək və xalqlar arasında körpü yaradacaq ən mühüm məsələlərdən biri Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmalarıdır. Çünki Qərbi azərbaycanlılar zorla, etnik təmizləmə siyasəti nəticəsində təqribən yüz illik mərhələdən sonra tamamilə öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar".
Deputat qeyd edib ki, Ermənistan sözügedən bəyanatı manipulyasiya etməklə məşğuldur:
"Ermənistan İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən sammitdə qəbul olunan bəyanatı manipulyasiya edərək, deyir ki, guya Qərbi azərbaycanlılar öz torpaqlarından könüllü şəkildə çıxıblar. Amma hamıya aydındır ki, Qərbi azərbaycanlıların ən son olaraq Ermənistanda etnik təmizləmə siyasətinə məruz qalmaları Qarabağ müharibəsi ətrafında baş verib. Ermənistan dövlət terroru həyata keçirərək, 300 mindən çox Qərbi azərbaycanlının əmlakını əlindən alıb, onları öz ata-baba yurdlarından didərgin salıb, mədəni tarixi abidələri dağıdıb".
Hikmət Babaoğlu düşünür ki, bu gerçəkliklər bərpa olunmalıdır, çünki artıq Qarabağ problemi yoxdur:
"Ona görə də onun səbəbiyyət verdiyi problemlər də ortadan götürülməlidir. Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdır. Bu nə qədər tez baş tutarsa, sülhün əldə edilməsi də bir o qədər asan olar".
Qeyd edək ki, Ermənistanın Xarici İşlər Nazirliyi "İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun tarixində əsassız bəyanat yayıb. Bu bəyanatda Ermənistan sözügedən qətnamələrin məzmununu təhrif edərək, tarixi faktları saxtalaşdırmağa cəhd edib.
Xatırladaq ki, İƏT "İndiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə qəbul edib. İƏT həmçinin, Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırıb.
Rüfət Sultan
Şərhlər