Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 dekabrda Qara dəniz üzərində naməlum pilotsuz uçuş aparatının vurulması ilə bağlı şərh verməsə də, Rusiya və Ukraynaya gəmilərə zərbələr endirməyi dərhal dayandırmaq çağırışı edib.
Qaynarinfo "Dailysabah"a ustinadla xəbər verir ki, bu barədə o, Ankarada Türkiyənin səfirləri qarşısında çıxışı zamanı
bildirib.
Ərdoğanın sözlərinə görə, ticarət və mülki gəmilərə hücumlar heç bir tərəfə fayda vermir və bu, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə ciddi təhdid yaradır. O, həm Rusiya, həm də Ukraynaya bu məsələ ilə bağlı ciddi xəbərdarlıqlarını çatdırdıqlarını vurğulayıb.
Ərdoğan bildirib ki, Türkiyə Montre konvensiyasını ciddi şəkildə tətbiq edərək müharibənin Qara dənizə yayılmasının qarşısını alıb. 1936-cı ildə imzalanmış bu konvensiya Türkiyəyə Bosfor və Çanaqqala (Dardanel) boğazları üzərində tam nəzarət hüququ verir və sülh zamanı mülki gəmilərin sərbəst hərəkətinə zəmanət yaradır. Konvensiya həmçinin döyüş gəmilərinin girişinə məhdudiyyətlər qoyur və Türkiyəyə münaqişə iştirakçısı olmayan halda bu məhdudiyyətləri tətbiq etmək imkanı verir.
Ərdoğan qeyd edib ki, son həftələrdə həm Rusiya, həm də Ukrayna tərəfindən həyata keçirilən hücumlar Türkiyənin ərazi sularına qədər yayılıb və bu, regionda gəmilərin təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Məqalədə həmçinin bildirilir ki, Türkiyənin müdafiə nazirliyi Qara dəniz istiqamətində "idarəetməni itirmiş” bir pilotsuz uçuş aparatını F-16 qırıcısı ilə vurduğunu açıqlayıb. PUA adi nəzarət prosedurları çərçivəsində izlənib və təhlükəsiz yerdə vurulub.
Alpər
Şərhlər