Dünya 16:48 29.05.2023

“Ərdoğanın qələbəsi gözlənilən idi, çünki...” - Ekspert

"Türkiyədə prezident seçkilərinin qalibi milliyətçi elektorat oldu. Hər iki ittifaqda təmsil olunan milliyətçilər proseslərin taleyini həll etdilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyədə keçirilən Prezident seçkilərinin ikinci turunun nəticələrini şərh edərkən deyib:
 
"Bütün bunlar onu göstərdi ki, hansı tərəfdə olmalarından asılı olmayaraq, milliyətçi elektorat sözün həqiqi mənasında aktivlik nümayiş etdirdi və öz saylarını da artırdılar. Həm AKP, həm də CHP növbəti addımlarında bu məqamı yəqin ki, nəzərə alacaq və almalıdırlar”. 

Həmsöhbətimiz ikinci turun nəticəsinin gözlənilən olduğunu deyir:
 
"Proqnozlar da onu deməyə əsas verirdi ki, ikinci turda "Cümhur İttifaq”ın namizədi Rəcəb Tayyib Ərdoğan qalib gələcək. Seçki prosesi dönəmində bir sıra mühüm hadisələr baş verdi. "Millət İttifaqı”nın atdığı addımlar, qurduğu koalisiyanın nə dərəcədə dayanıqlı olması, seçki təbliğatı zamanı verilən vədlər, müxalifətin Sinan Oğan və Mühərrəm İncəyə yönəlik "qara piar” təbliğatı, HDP və Qərblə bağlı məqamlar, bu ittifaqın uğur qazanacağını şübhə altına aldı. Ortada həm də 20 ildən artıq müddətdə dövlət idarəetməsi təcrübəsi qazanmış hakimiyyət var. Bu hakimiyyət müəyyən mənada türk seçicinin etibarını da qazana bilib. Bu səbəblərdən ikinci turda Ərdoğanın qalib gələcəyi birmənalı şəkildə gözlənilən idi”.

Həmsöhbətimizə görə seçkidən sonra "Millət İttifaqı” daxilində maraqlı proseslər gedəcək, ondan qopmalar baş verəcək:
 
"İYİ Partiya tərəfindən Kılıcdaroğlunu seçkinin nəticələrinə görə ittiham edəcək açıqlamalar gəldi. Maral Akşener tərəfindən bu istiqamətdə maraqlı açıqlamalar oldu. Bütün bunlar yaxın gələcəkdə Türkiyə siyasi dairələrində maraqlı proseslərin gedəcəyini deməyə əsas verir”.

Qeyd edək ki, Türkiyədə keçirilən Prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 52 faiz səs toplayaraq qalib gəlib. Onun rəqibi Kamal Kılıcdaroğlu isə səslərin 48 faizini əldə edib. 

Rüfət Sultan