Fövqəladə Hallar Nazirliyinin (FHN) "Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu "Qafqaznet" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət İnstitutun komputer və periferiya qurğularının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
İnstitutu şirkətdən 75 012,6 manat dəyərində masaüstü kompüter, monitor, klaviatura, siçan dəsti və çoxfunksiyalı printer almağı planlaşdırır.
"Qafqaznet" şirkəti FHN və ona tabeli qurumların İKT məhsulları ilə bağlı keçirdiyi tenderlərin əvəzolunmaz qalibidir. Bu da səbəbsiz deyil. Çünki şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Mediada nazirin biznesi barədə dərc edilən araşdırma materiallarında da "Qafqaznet"in adına rast gəlinir. Bu iddialar indiyə qədər təkzib olunmayıb.
Şirkət 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. "Qafqaznet"in hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir.
Şirkət bundan əvvəl Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da qeydiyyatda olub. Daha əvvəl isə hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da yerləşib. Bu ünvanda "Mirvari Park Residence" MMC, "Capital Tovvers Residence" MMC, "Babək residence" MMC, "Fobos Palaza" MMC və başqa bir neçə şirkət qeydiyyatdadır.
"Qafqaznet" MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Əkbər oğludur. O, cari ilin aprel ayından şirkəti təmsil edir. Xəyal Əhmədovdan əvvəl şirkətin qanuni təmsilçisi Cəfərov Adil Ələddin oğlu olub.
Adil Cəfərov eyni zamanda "Qtech" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də "Qafqaznet"in əvvəlki bundan əvvəlki hüquqi ünvanında, yəni, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da qeydiyyatdadır.
"Qafqaznet" şirkəti təkcə 2024-cü ildə FHN-nə tabeli qurumlarla ilə 9 satınalma müqaviləsi imzalayıb.
Seyid
Şərhlər