Xəbər lenti

FT: Rusiyanın hücumları Ukraynanın Qara dəniz üzərindən taxıl ixracını təhdid edir
Dünya 20:38 18.07.2026

FT: Rusiyanın hücumları Ukraynanın Qara dəniz üzərindən taxıl ixracını təhdid edir

Ukrayna Qara dəniz vasitəsilə taxıl ixracında ciddi çətinliklərlə üzləşir. 

Qaynarinfo "Financial Times”a istinadən xəbər verir ki, Moskvanın Ukraynanın Rusiya gəmilərinə qarşı intensiv hücumlarına cavab olaraq ticarət gəmilərinə zərbələri artırması ixrac marşrutlarının təhlükəsizliyini sual altına qoyub.

Dəniz təhlükəsizliyi üzrə fəaliyyət göstərən "Ambrey” şirkətinin məlumatına görə, Rusiyanın Odessa limanına pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın ən böyük dəniz limanında anbar tutumları təxminən üçdəbir azalıb.

Təhlükəsizlik riskləri səbəbindən gəmi sahibləri bu bölgəyə gəmilər göndərməkdən çəkinirlər. Analitiklər bildirirlər ki, bəzi treyderlər Odessa limanında taxıl alışını müvəqqəti dayandırıblar.

Məqalədə qeyd olunur ki, iyulun 16-da Ukrayna Dəniz Limanları Administrasiyası son iki həftə ərzində limanlara və gəmilərə qarşı həyata keçirilən çoxsaylı Rusiya hücumları nəticəsində 11 nəfərin, o cümlədən liman işçiləri və xarici dənizçilərin həlak olduğunu açıqlayıb.

Nəşrin məlumatına görə, Rusiya və Ukrayna birlikdə dünya buğda ixracının təxminən üçdəbirini təmin edir. Buna görə də hücumlar qlobal taxıl tədarükünün əsas marşrutlarından birini təhlükə altına salır. Eyni zamanda, taxıl ixracı Ukrayna üçün əsas gəlir mənbələrindən biri hesab olunur.

Kiyev 2023-cü ildə Rusiyanın BMT-nin dəstəklədiyi təhlükəsiz taxıl dəhlizi təşəbbüsündən çıxmasından sonra Odessa və qonşu limanlardan ixracı müharibədən əvvəlki səviyyəyə qaytarmaq üçün sahilyanı dəniz marşrutuna güvənirdi.

"Dörd gündür ki, Rusiya ardıcıl olaraq limanlara və terminallara hücum edir. Artıq gəmilər həmin limanlara daxil olmaq istəmir", deyə Dnipro şəhərində fəaliyyət göstərən taxıl bazarı analitiki Maşa Belikova bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində Ukrayna limanlarında daxili alış qiymətləri faktiki olaraq formalaşmır, gəmi sahibləri isə artıq fraxt üzrə təklif vermirlər.

Məqalədə qeyd edilir ki, Rusiyada da dəniz yolu ilə ixracın həcmi azalır. Bu, qismən Ukraynanın Azov dənizində yanacaq tankerlərinə və təminat gəmilərinə hücumlarını artırmasından sonra gəmiçiliyin təhlükəsizliyi ilə bağlı risklərin yüksəlməsi ilə əlaqələndirilir.

"Kommersant” qəzetinin məlumatına görə, analitiklər iyul ayında Rusiyanın buğda ixracı proqnozunu hücumlar, məhsul yığımındakı gecikmələr və yanacaq böhranı səbəbindən 20 faiz azaldıblar.

Cümə axşamı Çikaqo Əmtəə Birjasında ən aktiv buğda fyuçerslərinin qiyməti iki ilin maksimumu olan 6,95 ABŞ dollarına (bir buşel üçün) yüksəlib. Paris Birjasında isə üyüdülməlik buğdanın qiyməti son 17 ayın ən yüksək səviyyəsinə çatıb.

Taxıl bazarı üzrə ixtisaslaşmış "SovEcon” konsaltinq şirkətinin icraçı direktoru Andrey Sizov bildirib ki, bazar artıq bunun Qara dəniz regionunda adi qısamüddətli qiymət artımı olmadığını anlamağa başlayır.

"Bu vəziyyət daha ciddi nəticələrə səbəb ola bilər. Həm Rusiyanın, həm də Ukraynanın ixrac proqnozlarının əhəmiyyətli dərəcədə aşağı salınması lazım gələcək. Bu isə qlobal taxıl və buğda ehtiyatlarının vəziyyətini daha da pisləşdirəcək", deyə Sizov vurğulayıb.

Treyderlər taxıl ixracının bir hissəsinin Dunay çayı vasitəsilə Rumıniyanın Qara dəniz sahilində yerləşən Konstansa limanına yönləndirilməsi imkanını müzakirə edirlər. Maşa Belikovanın sözlərinə görə, müharibənin ilk mərhələsində də bu marşrutdan istifadə olunmuşdu.

"Financial Times” qeyd edir ki, gərginliyin artması qlobal taxıl bazarında vəziyyətin onsuz da mürəkkəbləşdiyi dövrə təsadüf edir. Son illərdə məhsuldarlığın yüksək olmasına baxmayaraq, tədarük perspektivləri zəifləyib. Bundan əlavə, İranla bağlı regional gərginlik yanacaq, gübrə və dəniz daşımalarının qiymətini artırıb. 

Ukraynanın "International Seaborne Market” (ISM) şirkətinin analitiki Pavlo Sosnovskinin sözlərinə görə, bəzi gəmilər Rusiya pilotsuz aparatları və raket hücumları riskini yenidən qiymətləndirmək üçün Ukrayna sularından kənarda dayanmağa qərar veriblər. Eyni zamanda, sığorta haqları kəskin şəkildə artıb.

"Bir neçə sığorta şirkəti Ukrayna limanlarına reyslər üçün hərbi risklərin sığortalanmasını ümumiyyətlə dayandırıb", deyə Sosnovski bildirib.

Nəşr yazır ki, Moskvanın hücumları Ukraynanın Azov dənizində Rusiyanın yanacaq daşımalarını pozmağa yönəlmiş bir həftəlik pilotsuz dəniz aparatları əməliyyatlarına cavab xarakteri daşıyır.

Ukrayna hərbi komandiri Robert Brovdinin sözlərinə görə, Ukraynanın dəniz pilotsuz aparatları bir gecə ərzində Qara və Azov dənizlərində Rusiyaya məxsus 11 gəmiyə zərbə endirib. Hədəflər arasında beş neft tankeri, bir mayeləşdirilmiş təbii qaz tankeri və üç quru yük gəmisi olub.

"Kommersant”ın məlumatına görə, Rusiya Nəqliyyat Nazirliyi Azov dənizində gəmilərə qarşı "düşmən hücumlarının artması ilə əlaqədar yükdaşımaların təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü" açıqlayıb.

Məlumata əsasən, Rusiyada da hərbi risklər üzrə sığorta haqları sürətlə artır, bəzi sığortaçılar isə bölgədə fəaliyyət göstərən gəmilərə bu cür risklər üzrə ümumiyyətlə sığorta təqdim etməkdən imtina edirlər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->