İdman 14:12 02.06.2023

Hamşikdən vida mesajı

"Trabzonspor” karyerasını bitirən slovakiyalı futbolçu Marek Hamşikə təşəkkür edib. 

Qaynarinfo-nun məlumatına görə, klubun sosial şəbəkələrdə yayımladığı videoda Marek Hamşikin transfer dönəmi, meydanda vurduğu qollar, sevindiyi anlar, çempionluq xoşbəxtliyi və azarkeşlərin görüntüləri yer alıb. Həmçinin futbolçu da vida sözlərini söyləyib və klubda olduğu 2 ilin onun üçün xüsusi olduğunu bildirib.

Futbolçu vida mesajında, "Möhtəşəm anlar idi. Trabzon hava limanına ilk gəldiyim zaman çox həvəsli idilər, xatırlayıram. Müqaviləni imzalayanda çox sevindim. İstanbulda mövsümöncəsi düşərgədə ilk dəfə görüşəndə ​​məşqçimizlə görüşümüz oldu və o, mənə dedi ki, "bu mövsüm çempion ola bilərik”. Mən də "Əlbəttə, bunun üçün buradayam”, dedim. Bəlkə də əvvəlcə inanmadım, amma mövsümün ilk 3-4 oyunundan sonra çempion ola biləcəyimizi düşündüm. İndi biz birlikdə tarix yazırıq. Çox qürur duyuram. Bu gözəl iki il üçün bir daha təşəkkür edirəm. Bu komandada oynadığım üçün çox şadam və fəxr edirəm. Təşəkkür edirəm" - ifadələrini işlədib.

Səbuhi Həsənov