II Dünya müharibəsi zamanı Müttəfiq qüvvələrin ən mühüm döyüş əməliyyatlarında istifadə olunan "Curtiss P-40 Warhawk" öz dövrünün ən tanınmış qırıcılarından biri idi. "P-51 Mustang" və "P-38 Lightning" qədər məşhur olmasa da, müharibənin ən ağır cəbhələrində geniş şəkildə istifadə edilib.
Qaynarinfo xəbər verir ki, ABŞ müharibəyə rəsmi şəkildə qoşulmazdan əvvəl bu təyyarələr Şimali Afrikada Britaniya qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edib. İstehsalı 1944-cü ildə dayandırılan "P-40 Warhawk" modelindən ümumilikdə 13 737 ədəd istehsal olunub.
Hazırda dünyanın müxtəlif aviasiya muzeylərində və şəxsi kolleksiyalarında bu təyyarənin nümunələrinə rast gəlmək mümkündür. Lakin orijinal döyüş konfiqurasiyasında silah sistemini işlək vəziyyətdə saxlayan və havada atəş açan "P-40 Warhawk" təyyarəsini görmək olduqca nadir hadisədir. "Soaring by the Sea" Fondu həyata keçirdiyi genişmiqyaslı bərpa layihəsi nəticəsində bunu yenidən mümkün edib.
Tarixi silah sistemi yenidən işə salındı
"Allison V-1710" V12 mühərriki ilə təchiz olunan və altı ədəd .50 kalibrli "Browning" pulemyotu daşıyan təyyarə uzunmüddətli bərpa prosesindən keçib. Təyyarə uçuş üçün yararlı vəziyyətdə olsa da, silah sisteminin yenidən aktivləşdirilməsi həm mühəndislik, həm də hüquqi baxımdan mürəkkəb prosedurlar tələb edib.
İki il davam edən icazə prosedurları, texniki yoxlamalar və sənədləşmə işlərindən sonra layihə uğurla başa çatdırılıb. "Vintage Aviation News" nəşrinin məlumatına görə, istifadə olunan sursatlar 1940-cı illərin orijinal texniki təlimatlarına uyğun şəkildə yenidən hazırlanıb. Fondun xüsusi odlu silah lisenziyası sayəsində tarixi atışlar qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib.
Bütün hazırlıqlar tamamlandıqdan sonra "P-40 Warhawk" yenidən havaya qalxaraq pulemyotlarından atəş açıb. Tarixi uçuş pilotsuz uçuş aparatı, "L-39 Albatros" təlim təyyarəsi və xüsusi kameralar vasitəsilə müxtəlif rakurslardan qeydə alınıb.
Müasir döyüş təyyarələri sürət və texnologiya baxımından bu porşenli qırıcını geridə qoysa da, mütəxəssislərin fikrincə, "P-40 Warhawk"ın tarixi dəyəri və özünəməxsus xüsusiyyətləri bu gün də aviasiya həvəskarlarını heyran etməyə davam edir. Orijinal silah sisteminin yenidən işə salınması təkcə bir muzey eksponatının bərpası deyil, həm də İkinci Dünya müharibəsinin hava döyüşlərini tarixi reallığa uyğun şəkildə nümayiş etdirmək imkanı yaradıb.
Aydın
Şərhlər