Şərqi Afrika ölkəsi Keniyanın qərbində yerləşən Kakameqa bölgəsində minlərlə aztəminatlı kənd sakini dolanışığını təmin etmək üçün primitiv üsullarla qızıl hasil edir.
Qaynarinfo xəbər verir ki, 1900-cü illərin əvvəllərindən istifadə olunan köhnə mədən ocaqlarında çalışan sakinlər böyük risklərə gedərək yerin metrlərlə dərinliyində qazıntılar aparırlar.
Bölgədə qızıl axtarışı həm yoxsulluqla mübarizə aparan yerli əhali üçün ümid mənbəyinə çevrilib, həm də milyardlarla dollar dəyərində ehtiyatlara görə qlobal şirkətlərin maraq göstərdiyi strateji sahə kimi ön plana çıxıb.
Köhnə mədən sahələrini yenidən işlədən kiçik sahibkarlar 15–20 metr dərinliyə endiklərini, bəzi nöqtələrdə isə 50 metrə çatan tunelləri taxta dayaqlarla saxladıqlarını bildirirlər.
Qazılan qaya parçaları vedrələrlə yer səthinə çıxarılır. Yerüstü sahədə isə əksəriyyəti qadınlardan ibarət işçilər iri qaya parçalarını çəkiclərlə xırdalayaraq çınqıl ölçüsünə salırlar. Günlərlə davam edən sındırma prosesindən sonra daşlar maşınlarda üyüdülərək qum halına gətirilir.
Qızıl axtarışının ən kritik və təhlükəli mərhələsi qum halına salınmış materialın emalı zamanı baş verir. Qadın işçilər qumu kiçik ləyənlərdə civə qatılmış su ilə yuyaraq qızıl mineralını ayırırlar.
Əldə olunan gümüşü rəngli xam qızıl odun kömürü ocağında qızdırılaraq saflaşdırılır. Qızdırma prosesindən sonra sarı rəng alan qızıl satışa hazır vəziyyətə gətirilir. Lakin civədən istifadə həm sağlamlıq, həm də ətraf mühit üçün ciddi risklər yaradır.
Mədəndə çalışan işçilər bildirirlər ki, uğurlu günlərdə təxminən 30 qram xam qızıl hasil etmək mümkündür. İstehsal olunan qızılın hər qramı 30–40 dollar arasında dəyişən qiymətlərlə vasitəçilər üzərindən xarici şirkətlərə satılır.
Keniyada qızıl ticarəti ilə bağlı yetərli tənzimləmələrin olmaması kiçik istehsalçıların birbaşa bazara çıxışını çətinləşdirir və onların vasitəçilərdən asılılığını artırır.
Kakameqa bölgəsi yalnız kiçik miqyaslı mədənçilərin deyil, beynəlxalq şirkətlərin də diqqət mərkəzindədir. Britaniyanın "Acacia Mining” mədən şirkəti 2017-ci ilin fevralında bölgədə 1,3 milyon uns həcmində, təxminən 1,7 milyard dollar dəyərində qızıl ehtiyatı aşkar etdiyini açıqlamışdı. Bu ehtiyat Afrikada son illərin ən böyük kəşflərindən biri hesab olunur.
Bununla yanaşı, "Shanta Gold Kenya Limited” şirkəti Lirhanda Korridor bölgəsində 5,28 milyard dollar dəyərində yeni qızıl ehtiyatının tapıldığını elan edib. Kakameqa və Vihiga bölgələrini əhatə edən 1.200 kilometrlik mineral qurşaqda yerləşən bu ərazinin yüksək tərkibli filiz ehtiva etdiyi bildirilir.
Şirkətin 2026-cı ildə mədən və emal zavoduna investisiya üçün təxminən 208 milyon dollar xərcləməsi planlaşdırılır.
Kakameqada yerli əhali metrlərlə dərinlikdə həyat mübarizəsi apararkən, bölgənin altında yerləşən milyardlarla dollarlıq ehtiyat qlobal mədən şirkətlərinin marağını cəlb etməyə davam edir. Kiçik miqyaslı hasilatla sənaye mədənçiliyi arasındakı böyük iqtisadi fərq isə bölgədə sosial və iqtisadi müzakirələri daha da gücləndirir.
Aydın
Şərhlər