Xəbər lenti

Dünya 11:20 07.02.2023

Kosovo Aİ-nin Serbiya ilə münasibətləri normallaşdırmaq təklifi ilə razılaşır

Kosovonun (Azərbaycan tərəfindən tanınmır - red.) Baş naziri Albin Kurti Avropa İttifaqının Serbiya ilə münasibətləri normallaşdırmaq təklifini qəbul etdiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, o, belə bir bəyanatla Aİ-nin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçakla görüşdən sonra çıxış edib.

"Biz Aİ-nin Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılmasına dair təklifini qəbul edirik və onu gələcək danışıqlar üçün yaxşı əsas və irəliləmək üçün möhkəm platforma hesab edirik”, - deyə Kurti "Twitter" hesabında yazıb.

Mətbuat konfransı zamanı Miroslav Layçak vurğulayıb ki, Belqrad və Priştina arasında dialoqda əldə olunan bütün razılaşmalar həyata keçirilməlidir. Layçakın sözlərinə görə, onun Serbiyaya səfərinin məqsədi hər iki tərəfin yaxın gələcəkdə Fransa-Almaniya planı çərçivəsində Brüsseldə davam etdiriləcək danışıqlar prosesinə keçməyə hazır olduğuna əmin olmaq olub.

Serbiya və Kosovo arasında münasibətləri normallaşdırmaq üçün Fransa-Almaniya planının mətni 2022-ci il noyabrın 9-da Euractiv tərəfindən dərc edilib. Müqavilə qeyd edir ki, Belqrad və Priştina xüsusilə hər bir tərəfin yurisdiksiyalarına qarşılıqlı hörmətlə yanaşmalı və bərabərlik prinsipi əsasında bir-biri ilə normal münasibətləri inkişaf etdirməlidir. Bundan əlavə, plana görə, iki tərəfin heç biri digərini beynəlxalq müstəvidə təmsil edə və onun adından çıxış edə bilməz.

Fevralın əvvəlində Serbiya prezidenti Aleksandar Vuçiç Belqradın "konsepsiyanı qəbul etməyə və Kosovo ilə münasibətlərin normallaşdırılması üzrə Avropa planının həyata keçirilməsi üzərində işləməyə hazır olduğunu” bəyan edib. Onun sözlərinə görə, razılaşmaya uyğun hərəkət etməkdən imtina ediləcəyi təqdirdə Serbiyanın Aİ-yə daxil olması prosesi dayandırılacaq, Qərb investisiyaları ölkədən çıxarılacaq, Serbiya vətəndaşları üçün Aİ ölkələri ilə vizasız rejim ləğv ediləcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->