Türkiyədə insanlıq tarixində ən mühüm döyüşlərdən biri hesab olunan Qranik döyüşünün yeri müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu döyüşdə Makedoniyalı İsgəndər ilk dəfə farslar üzərində qələbə qazanıb.
"Interesting Engineering"
portalının məlumatına görə, uzun müddət sirr olaraq qalan bu əfsanəvi döyüşün dəqiq yeri professor Reyhan Körpenin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən müəyyən edilib. Professor bu tarixi döyüşün izlərini 20 il ərzində araşdırıb.
Mütəxəssislər yalnız Qranik çayı boyunca döyüşün baş verdiyini bilirdilər, lakin dəqiq koordinatları müəyyən etmək mümkün olmamışdı. Professor və onun komandası Makedoniyalı İsgəndərin və ordusunun keçdiyi marşrutu yenidən quraraq bu sirri aydınlaşdırıb.
"Biz İsgəndərin səyahət etdiyi dəqiq marşrutu xəritəyə saldıq. Tədqiqatlar göstərdi ki, o, Özbək kəndindən başlayaraq Umurbəy, Lapseki və nəhayət Biga düzənliyinə doğru irəliləyib", deyə professor Körpe bildirib.
Professorun fikrincə, Qranik döyüşü dünya tarixində ən əhəmiyyətli hadisələrdən biri hesab olunur, çünki bu qələbə farsları zəiflədərək Makedoniyalı İsgəndərin Əhəməni imperiyası üzərində hakimiyyət qurmasına yol açıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi döyüş meydanını mədəni irs obyekti kimi turistlərin maraq göstərə biləcəyi bir yerə çevirməyi planlaşdırır. Tezliklə bu bölgə "Makedoniyalı İsgəndərin mədəni marşrutu” layihəsi çərçivəsində turistik məkan kimi təqdim ediləcək.
Qranik döyüşü
E.ə. 334-cü ilin may ayında Makedoniyalı İsgəndər Kiçik Asiyanın işğalı zamanı Əhəməni imperiyasına qarşı ilk qələbəsini qazanıb. Qranik döyüşü Makedoniyalı İsgəndərlə farslar arasında baş tutan üç böyük döyüşdən birincisi olub və bu döyüş ona Hindistana qədər irəliləməyə imkan verib
Bu tarixi kampaniya zamanı İsgəndər Balkanlarda və Yunanıstandakı üsyanları yatırdıqdan sonra fars ordusu ilə qarşılaşıb. Əhəməni hökmdarı Daranın müşavirləri onu alternativ strategiya tətbiq etməyə çağırıb, lakin Dara Makedoniyanın güclü piyada ordusuna qarşı döyüş qərarı verib.
Aydın
Şərhlər