Almaniyanın kansleri Fridrix Merz bildirib ki, almanlar son 20 ildə rifah mühitinə həddən artıq alışıb, lakin artıq əvvəlki kimi yaşamağa davam etmək mümkün deyil və ölkəyə yeni islahatlar lazımdır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Spiegel” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Almaniya əhalisinin böyük hissəsi hazırda dünyada baş verən prosesləri kifayət qədər qiymətləndirmir. Merz vurğulayıb ki, ölkə indiyədək etdiyindən daha geniş dəyişikliklərə getməzsə, mövcud rifah illüziyası davam etməyəcək.
Kansler hesab edir ki, Almaniyada pensiya təminatı, səhiyyə sistemi və vergi sahəsində islahatlar aparılmalıdır. Siyasətçi pensiya yaşının fiziki yaşa deyil, iş stajına bağlanması ideyasını da mümkün variant kimi qeyd edib.
Həmin müsahibədə Merz əlavə edib ki, Avropa diplomatiyası yalnız hərbi imkanlarla, o cümlədən nüvə silahı ilə dəstəkləndiyi halda həqiqətən effektiv ola bilər.
Merz etiraf edib ki, ölkə əhalisi arasında "ümumi narahatlıq” və "dərin qeyri-müəyyənlik” hökm sürür və bu vəziyyət hakim koalisiyaya təsir göstərir. Siyasətçi bildirib ki, özü və tərəfdaşları mövcud vəziyyəti böyük ehtimalla yetərincə qiymətləndirməyiblər və bu məsələdə onun da məsuliyyət payı var.
Kansler baş verənləri hökumətin ictimai gözləntiləri düzgün idarə edə bilməməsi ilə izah edib. Onun sözlərinə görə, əhali sürətli nəticələr gözləyir, lakin bu cür nəticələri qısa müddətdə əldə etmək mümkün deyil:
"Biz istənilən ehtiyacın dərhal ödənilməsini vəd edən bir dövrdə yaşayırıq. Lakin demokratik şəraitdə siyasət çatdırılma xidməti kimi işləmir".
Merz hökumətini siyasi mərkəz üçün son böyük şanslardan biri adlandırıb və ümid etdiyini bildirib ki, koalisiya fundamental islahatlar və konsensus yolu ilə ölkəni düzgün istiqamətə qaytara biləcək.
"Nəticədə bunun uğurla nəticələnib-nəticələnməyəcəyini bu gün deyə bilmərəm. Lakin mənim inamım sarsılmazdır", deyə o qeyd edib.
Kansler eyni zamanda kabinet daxilində fikir ayrılıqlarının mövcudluğunu da etiraf edib. Xüsusilə maliyyə naziri Lars Klinkbayl ilə iqtisadiyyat naziri Katerina Rayxe arasında fərqlərin olduğunu bildirib, lakin onların ümumi dil tapdıqlarını vurğulayıb.
Aydın
Şərhlər