Xəbər lenti

Məşhur Məmmədova bağlı olduğu deyilən şirkətə 138 min manatlıq sifariş
Ekonomiks 14:14 16.04.2026

Məşhur Məmmədova bağlı olduğu deyilən şirkətə 138 min manatlıq sifariş

Mənəvi Dəyərlərin Təbliği Fondu "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində kitab rəflərinin hazırlanması və ölkə üzrə çatdırılması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Foriella” şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 138 113,1 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Foriella" MMC 17 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 000 000 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4-də yeləşir. MMC-nin qanuni təmsilçisi İslamlı Fərman Fərrux oğludur.

"Foriella” MMC-nin rəsmi interent səhifəsində qeyd edilib ki, şirkət Balaxanı Sənaye Parkında və Masallı Sənaye Məhəlləsində yerləşən 15 000 kv.metrlik istehsal səhəsi ilə sərt ağac növü olan fıstıq və palıddan masa, stul və oturmaq üçün digər mebellərin Qafqazda ən böyük istehsalçısıdır. Şirkət məhsullarını Azərbaycandan başqa öz məhsullarını ABŞ, Gürcüstan, Qazaxstan, Tacikistan, Qırğızstan və digər ölkələrə ixrac edir.

İslam Fərmanlıya gəlincə, onun haqqında məlumatlar məhduddur. Bəlli olan odur ki, o, həm də Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir. 

Mediada gedən məlumatlara görə, "Foriella” MMC-nin sahibi deputat Məşhur Məmmədovdur. Məşhur Məmmədov həm də "Embawood” şirkətinin sahibi kimi tanınır. Bu şirkət də mebel istehsalı ilə məşğul olur. 

Bundan başqa, Məşhur Məmmədov Fərman İslamlıdan əvvəl Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri olub. 

Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, Milli Məclisdə 74 saylı Masallı seçki dairəsini təmsil edir. 

Seyid
--> -->