"Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq asan olsaydı, Rusiya çoxdan bu addımı atardı".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ermənistan müxalifətinin Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla bağlı arzularını şərh edərkən deyib.
Abutalıb Səmədov bildirib ki, Şarmazanovun təmsil etdiyi Respublika və digər müxalifət partiyaları da uzun müddətdir Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərir:
"Onlar bu yöndə bəyanatlar səsləndirir və seçkiləri uduzurlar. Bu məğlubiyyətin səbəbini araşdırmaq əvəzinə, yenə də Paşinyanı tənqid etmək yolunu tuturlar. Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaqları barədə vədlər verirlər".
Həmsöhbətimiz qeyd edib ki, bu qüvvələr 44 günlük müharibədən dərhal sonra Paşinyanı nüfuzdan salmaq və revanş götürmək istəyiblər:
"Onlar Koçaryan, Sarkisyan kimi siyasi cəhətdən müflis olmuş, ancaq maliyyə imkanlarına malik insanların arxasınca getməyə üstünlük verməklə, anlamırlar ki, eyni cür addım atıb fərqli nəticələr gözləmək ağısızlıqdır. Nə qədər ki, erməni müxalifəti bu cür vəziyyətdə olacaq, onların Paşinyanı devirmək imkanı heç zaman baş tutmayacaq. Üstəlik nəzərə alaq ki, Paşinyan xaricdə kifayət qədər dəstəyə malikdir. Qərb dairələri onun hakimiyyətdə qalması üçün əllərindən gələni edir".
Ekspert deyir ki, Rusiyanın bunu edə bilmədiyi bir zamanda, erməni müxalifətinin Paşinyanı iqtidardan salmaq niyyətləri boş xülyadan başqa bir şey deyil:
"Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq asan olsaydı, Rusiya çoxdan bu addımı atardı. Yaxın vaxtlarda Paşinyanı iqtidardan salmaq mümkünsüzdür. 44 günlük müharibədə və 19- 20 sentyabr antiterror əməliyyatında ağır məğlubiyyətlərə düçar olandan sonra Paşinyan hakimiyyətdə qala bildisə, 2025-ci ildə də qalacaq. Müxalifət isə növbəti ildə də bu cür bəyanatlar verməkdə davam edəcək".
Qeyd edək ki, Ermənistan müxalifəti yenidən baş nazir Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması vacibliyindən danışıb. Ermənistanın Respublika Partiyasının üzvü Eduard Şarmazanov bəyan edib ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaqlar:
"Paşinyan siyasi cəhətdən müflisdir. Onun heç bir dəstəyi yoxdur. Hətta Paşinyanın komandasında da onun Ermənistanı məhvə apardığını başa düşürlər. Onu kənarlaşdıracağıq. Mən hələlik vaxt açıqlamaq istəmirəm. Amma 2025-ci il Paşinyan hökuməti və Ermənistan üçün çox çətin il olacaq. Paşinyanın dövründə Ermənistan klassik mənada mövcud olmayıb. Paşinyanın istefası məsələsində siyasi və ictimai konsensus var. Bu konsensusun aktorları fikir ayrılıqlarını bir kənara qoyub Ermənistanın Paşinyandan azad edilməsi məsələsində birləşməlidir".
Rüfət Sultan
Şərhlər