Maqazin 12:48 06.07.2023

Nadir Qafarzadə: “Müğənniyə 250 min manat ödəyib, yaxşı edib”

"Mən həyatımda bu qədər pulu bir yerdə görməmişəm”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə şəmkirli biznesmenin oğlunun kiçik toy məclisində iştirak etmək üçün türkiyəli müğənni Ebru Gündeşə 250 min qonarar ödənilməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

O bildirib ki, əgər sahibkar, iş adamı olsaydı övladının toyuna arzuladığı sənət adamını gətirərdi: 

"Axı övladdır bu, istəyir, pul, imkan da varsa, niyə də gətirməyək? Bütün valideynlər övladlarına adlı-sanlı toy etmək istəyir. İstəyir ki, toy dillər əzbəri olsun. Niyə də yox, övlad başqa aləmdir, ata-ana onun qəlbinə dəymək istəmir”. 

Nadir Qafarzadə bütün bunların azərbaycanlıların qanında olduğunu düşünür: 

"Hər şeyin gözəlinə sahiblənmək istəyirik. Halal puldur, qoy bizim millətə hər şeyin yaxşısı nəsib olsun”. 

Qeyd edək ki, şəmkirli biznesmen oğlunun kiçik toy məclisinə türkiyəli müğənni Ebru Gündeşi gətirib. İş adamı müğənniyə 250 min dollar qonarar ödədiyi deyilir.

Bahar Rüstəmli