Xəbər lenti

NATO və Rusiya savaşı başlayır? (ŞƏRH)
Dünya 23:35 01.03.2024

NATO və Rusiya savaşı başlayır? (ŞƏRH)

Ukrayna savaşı artıq Qərblə Rusiya arasında birbaşa toqquşmaya çevrilmək üzrədir. Bir sıra Qərb liderlərinin son günlər verdikləri açıqlamalar belə qənaətə gəlməyə əsas verir. Belə ki, Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasında dinləmələr zamanı Rusiya ilə hərbi toqquşmanı istisna etmədiyini deyib. "Əgər müharibədə Ukrayna uduzsa, NATO Rusiya ilə müharibəyə getməli olacaq", deyə Ostin qeyd edib. 

Ondan əvvəl isə Fransa prezidenti Emmanuel Makron NATO-nun Ukraynaya qoşun göndərilməsi ehtimalını gündəmə gətirmişdi. Makronun bu təklifi hələlik 4 NATO ölkəsi tərəfindən dəstək alıb. Düzdür, Almaniya kansleri, Böyük Britaniya baş naziri öz qoşunlarını Ukraynaya göndərməyəcəklərini bildiriblər. Lakin hər halda NATO məsələsinin gündəmə gətirilməsi onu deməyə əsas verir ki, hərbi təşkilat məsələnin ciddi olduğunu anlayır. 

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram” kanalında Pentaqon rəhbərinin Rusiya ilə müharibə başlatmaq barədə bəyanatını şərh edərkən Vaşinqtonu təcavüzkar adlandırıb.

"Bu, Rusiya üçün birbaşa təhdiddir, yoxsa Zelenski üçün bəhanə tapmaq cəhdidir? Hər ikisi dəlidir. Amma artıq hamı görür ki, təcavüzkar kimdir - Vaşinqton", deyə Rusiya XİN rəsmisi bildirib. 

Zaxarovanın bu sayaq açıqlaması əslində Rusiyanın NATO-nun təhdidindən qorxduğu anlamına gəlir.

Belə ki, nüvə silahlarını istisna etsək, Rusiya ordusunun ən müasir sialhlarla təchiz edilmiş NATO qüvvələri qarşısında tab gətirəcəyi ağlabatan deyil. Bunu hətta Rusiya generalları da son illər dəfələrlə bəyan ediblər. O ki, qaldı Ostin Ukrayna məğlub olacağı təqdirdə NATO-nun Rusiyaya qarşı əməliyyata başlayacağı barədə açıqlaması indiki məqamda bunun baş verəcəyi real deyil.

Görünür Ostin sadəcə olaraq Kremli qorxutmaq, ona hədə-qorxu gəlmək üçün NATO məsələsini gündəmə gətirib. 

Son günlər Rusiyanın Ukrayna cəbhəsində bir qədər irəlilədiyi müşahidə edilir. Bu da əsasən Kiyevin ABŞ-dan 60 milyard dollarlıq növbəti maliyyə yardımı ala bilməməsilə bağlıdır. Yəni Moskva bu amildən istifadə edərək, cəbhədə müəyyən üstünlüklər əldə edə bilib. Məhz Rusiyanın daha da irəliləməsinin qarşısını almaq üçün Pentaqon rəhbəri gündəmə NATO-nun Moskva ilə savaşa girməli olacağı versiyasını irəli sürüb. Bu yolla Pentaqon rəhbəri Rusiyanın hücumunun qarşısını almaq məqsədi daşıyır. 

Digər tərəfdən, Ostinin açıqlaması NATO üzrə bəzi hallarda tərəddüd edən tərəfdaşlara da ünvanlanıb. Belə ki, ABŞ-ın Nümayəndələr Palatasındakı respublikaçı çoxluq başda olmaqla bir sıra NATO ölkələri Ukraynaya hələ də silah-sursat vermək, maliyyə dəstəyi göstərməkdən çəkinir. Bu isə getdikcə Ukraynanın hərbi resurslarının tükənməsi anlamına gəlir. Ostin də məhz tərəddüd edənləri oyatmaq, onları fikirlərindən döndərmək üçün Kiyevin uduzması fonunda NATO-nun Rusiya ilə birbaşa toqquşmaya gedə biləcəyini bildirib. Yəni bunu istəmirsinizsə, Ukraynanın müharibədə uduzmasının qarşısını mütləq mənada almalıyıq. Bunun üçün də tərəddüdlərə son qoyaraq, Ukraynaya hərtərəfli dəstək göstərilməlidir. 

Hər halda, Ukrayna məsələsində vəziyyətin olduqca kritik həddə çatdığı hiss olunur. Həm Qərb, həm də Rusiya uduzmamaq üçün bütün vasitələrə əl atmaqda israrlı görünürlər. O da bəllidir ki, Ukraynada qalib gələn Rusiya bununla kifayətlənməyəcək. Onun iştahası daha da artacaq və belədə o, digər ölkələri, hətta NATO üzvü olan qonşuları da təhdid etməyə keçəcək. Bu isə o deməkdir ki, indiki məqamda olmasa da, müharibənin uzanması və Ukraynanın sözün həqiqi mənasında uduzması fonunda NATO - Rusiya birbaşa qarşıdurması qaçılmaz olacaq... 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->