Sözləri Xalq şairi Vahid Əzizə məxsus olan "Nazlanma” ("Qəmzələrin oxdur") mahnısı ətrafında yaranan qalmaqal böyüməkdə davam edir.
Qaynarinfo xəbər verir ki, bu dəfə mübahisəyə aparıcı-aktyor Sərxan Kərəmoğlu da qoşulub. O, sosial media hesabında Əməkdar artist Vasif Məhərrəmli ilə Vəfa Şərifovanın duetini bəyəndiyini bildirərək onları müdafiə edən paylaşım edib.
Bu paylaşımdan narazı qalan İranda yaşayan bəstəkar Mansur Səssiz Sərxan Kərəmoğluna sərt məzmunlu məktub ünvanlayıb. Kərəmoğlu həmin məktubu sosial media hesabında səsləndirib:
"Utanın... Oğrusunuz... Reklam edirsiniz... Təkcə Azərbaycan deyil, bütün dünya sizin oğurluğunuzu bilir. Onlardan nə qədər pul almısınız ki, reklamlarını edirsiniz?"
Sərxan Kərəmoğlu isə Mansur Səssizin ittihamlarını cavabsız qoymayıb. Aparıcı ona sərt cavab verib:
"Oturduğum yerdə mənə şər atan bu "sənətkar”, ağlın başqasına getməsin. Mənimlə mübahisəyə girmək həyatının ən böyük səhvini etmək deməkdir. Kim sənə bu ağlı verirsə, onunla da yoluna davam et. Mənim nəyi reklam edib-etməyim sənə qalmayıb".
Qeyd edək ki, Əməkdar artist Vasif Məhərrəmli ilə Vəfa Şərifovanın ifasında səslənən "Nazlanma” ("Qəmzələrin oxdur") mahnısı YouTube platformasında 5 milyondan çox baxış toplayıb. Lakin bəstəkar Mansur Səssizin şikayətindən sonra duetin yerləşdirildiyi video platformadan silinib.
Bəstəkar iddia edir ki, ifaçılar mahnını onun razılığı olmadan səsləndirib, həmçinin əsərin mətnində dəyişiklik ediblər. Hazırda "YouTube"da əlçatan olan versiya isə Xalq artisti Gülyanaq Məmmədova ilə Mansur Səssizin birgə ifa etdiyi duetdir.
Bahar Rüstəmli
Şərhlər