Xəbər lenti

Dünya 19:52 18.06.2026

"Ölüm dəmiryolu" 40 il sonra üzə çıxdı - Turistlər əraziyə axın etdi (FOTO)

II Dünya müharibəsi zamanı müttəfiq hərbi əsirləri tərəfindən inşa edilən və minlərlə insanın ölümünə səbəb olan məşhur "Ölüm dəmiryolu” üzərində yerləşən Nithe stansiyası təxminən 40 il ərzində su altında qaldıqdan sonra yenidən üzə çıxıb.

Qayanrinfo xəbər verir ki, Tailand ilə Myanmarı birləşdirən tarixi dəmiryolu xətti üzərində yerləşən Nithe stansiyası, bölgədə yerləşən su anbarında təmir işləri aparılması üçün suyun boşaldılmasından sonra görünür olub.

II Dünya müharibəsi dövründə inşa edilən və 414 kilometrlik xətt boyunca tikinti zamanı on minlərlə işçi və hərbi əsirin həyatını itirdiyi üçün bu dəmiryolu "Ölüm dəmiryolu” adlandırılır.



"Daily Mail”in məlumatına görə, xəttin inşasında təxminən 250 min nəfər iştirak edib. Onların arasında Böyük Britaniya, ABŞ və Kanadadan gətirilmiş təxminən 60 min müttəfiq hərbi əsir, həmçinin İndoneziya başda olmaqla Asiyanın müxtəlif bölgələrindən yüz minlərlə işçi olub.

Tailand–Burma dəmiryolu kimi də tanınan xətt 1942-ci ilin oktyabrından 1943-cü ilin oktyabrına qədər Tailandın qərbindəki Nonq Pladuk ilə Myanmarın cənub-şərqindəki Thanbyuzayat şəhərlərini birləşdirmək məqsədilə tikilib.

Bir vaxtlar 60-dan çox stansiyaya sahib olan xəttin bu gün yalnız Tailand ərazisində qalan hissəsi fəaliyyət göstərir və əsas turistik məkanlardan biri kimi istifadə olunur.

Nithe stansiyasının qalıqları Tailand Elektrik İstehsal Qurumu tərəfindən apreldə su anbarında suyun boşaldılmasına başlanmasından sonra görünməyə başlayıb. Yerli mediada yayımlanan görüntülərdə dəmiryolu relslərinin hissələri və istismar məqsədli bəzi tikililərin qalıqları yer alıb.



Tədqiqatçıların diqqətini çəkən əsas tapıntılardan biri köhnə yoxlama çuxuruna aid beton konstruksiyanın üst hissəsidir. Mütəxəssislər bildirirlər ki, illər ərzində bir çox stansiya yeniləndiyi və ya söküldüyü üçün bu cür qalıqlar olduqca nadir sayılır.

Stansiyanın yenidən üzə çıxması dünyanın müxtəlif ölkələrindən tarix araşdırmaçılarının və turistlərin diqqətini cəlb edib. Babasının 1942-ci ildə dəmiryolu tikintisi zamanı həyatını itirdiyini bildirən avstraliyalı tədqiqatçı Martın Fayer əvvəllər üç dəfə Nithe stansiyasına getməyə çalışdığını, lakin yüksək su səviyyəsinə görə ərazini araşdıra bilmədiyini deyib.

O bildirib: "Daha əvvəl üç dəfə gəlmişdim, amma su səviyyəsi həmişə çox yüksək idi. Ona görə stansiyanın əsas quruluşunu görmək mümkün olmurdu”.



Tədqiqatçılar bölgədəki hərbi əsir düşərgələrinin yerlərini müəyyən etmək üçün Londondakı milli arxivlərdə saxlanılan müharibə dövrü hava fotoşəkilləri və əl ilə çəkilmiş xəritələri müqayisə ediblər.

Digər tədqiqatçı Endryu Snou isə bu il su səviyyəsinin qeyri-adi dərəcədə aşağı olduğunu və geri çəkilmənin sürətli baş verdiyini, buna görə də bitki örtüyünün hələ bərpa olunmadığını və ərazinin araşdırılmasının asanlaşdığını bildirib.

Rəsmilər bildiriblər ki, su anbarında təmir işləri avqustda başa çatdıqdan sonra suyun yenidən doldurulması planlaşdırılır. Bu halda tarixi stansiyanın yenidən su altında qalacağı gözlənilir.

Aydın

--> -->