Sakit okeanının dibində, Havay adaları ilə Meksika arasında yerləşən ərazidə kobalt, nikel, mis və manqanla zəngin nəhəng polimetallik konkresiya yataqları aşkar edilib.
Qaynarinfo "Antena 3”ə istinadən xəbər verir ki, bu metallar elektromobillərin, batareyaların, külək turbinlərinin, günəş panellərinin və müasir elektrik şəbəkələrinin istehsalı üçün strateji əhəmiyyət daşıyır.
Yataqlar Klarion-Klipperton zonası kimi tanınan ərazidə, 4–6 kilometr dərinlikdə yerləşir. Burada okeanın dibi kartof ölçüsündə tünd rəngli konkresiyalarla örtülüb. Bu geoloji törəmələr milyonlarla il ərzində təbii şəkildə formalaşıb.
Alimlərin hesablamalarına görə, bu konkresiyalarda milyardlarla ton strateji əhəmiyyətli metal mövcuddur. Bildirilir ki, həmin ehtiyatlar "yaşıl" enerji və yüksək texnologiyalar sənayesi üçün xammal bazasında mühüm rol oynaya bilər.
Bununla belə, bu ehtiyatların hasilatı hələ də beynəlxalq mübahisə mövzusudur. Ekoloqlar xəbərdarlıq edirlər ki, okean dibinin sənaye miqyasında işlənməsi indiyədək az öyrənilmiş unikal dərin su ekosistemlərinə geri dönməz zərər vura bilər.
Bu səbəbdən, sualtı yataqların böyük iqtisadi potensialına baxmayaraq, onların genişmiqyaslı hasilatına başlanılması məsələsi hələ də açıq qalır.
Aydın
Şərhlər