Xəbər lenti

Siyasət 15:38 10.12.2025

"Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla..." - Politoloq

"Bu açıqlama Ermənistanın Azərbaycanla sülh prosesini sürətləndirmək və Türkiyə ilə münasibətlərin normallaşdırılması baxımından bir fürsətdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən keçməsinə icazə verməyə hazır olduğu barədə bəyanatını şərh edərkən deyib. 

Ekspert qeyd edib ki, son zamanlar Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində etimadın yaradılmasına xüsusi diqqət yetirilir:

"Bu prosesdə Ermənistanla müqayisədə Azərbaycan daha aktiv mövqe sərgiləyir. Azərbaycan öncə öz ərazisindən tranzit yüklərinin Ermənistana daşınmasına icazə verdi. Qazaxıstan və Rusiyadan Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi. Hətta Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana verildiyilə bağlı məlumatlar da var. Bunların fonunda Paşinyanın Azərbaycanla Türkiyə arasında yük daşımalarının birbaşa Ermənistan üzərindən həyata keçirilməsilə bağlı səsləndirdiyi fikirlər heç də manevr deyil. Əksinə, Ermənistanın həm Azərbaycanla sülh prosesini sürətləndirmək, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması baxımından bir fürsətdir, yeni imkandır".
 


Həmsöhbətimiz bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Ermənistanda seçki yaxınlaşdıqca, Paşinyanın mövqeyinin daha da güclənməsinə imkan verir:

"Bu hadisə nəinki Paşinyanın əleyhinə işləyir, əksinə, mövqeyinin möhkəmlənməsi baxımından ona yeni imkanlar yaradır. Öncəki hakimiyyətlərin dövründə Azərbaycana qarşı yürüdülən şovinist, avantürist siyasətləri nəticəsində ermənilər Qarabağa göndərilərək, ölümə məhkum edilirdilər. Eyni zamanda, Ermənistan bütün regional layihələrdən kənarda qalırdı. Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla Ermənistanın regional inteqrasiyasına nail olur. Habelə, Türkiyə kimi nəhəng ölkənin işçi bazarına yoxsul və imkansız ermənilərin gediş-gəlişi üçün daha normal münasibətlər formalaşdırır. Bu baxımdan da seçki öncəsi Bakı və Ankara ilə münasibətlərin yaxşılaşması Paşinyanın tərəfdarlarının sayını daha da artıracaq. Məlum bir qrup əlbəttə ki, bu prosesdən Paşinyanın əleyhinə istifadə etməyə çalışacaq. Amma xalq prosesdən daha çox fayda götürdüyündən Paşinyanın mövcud siyasətindən məmnundur".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Berlində çıxışı zamanı İrəvanın Türkiyə ilə Azərbaycandan gələn yüklərin öz ərazisindən keçməsinə icazə verməyə hazır olduğunu bəyan edib. O, Azərbaycanın öz ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını xatırladaraq, bunu çox yüksək qiymətləndirib. Baş nazir bunun müstəqil Ermənistan tarixində misilsiz hadisə olduğunu vurğulayıb. Paşinyanın sözlərinə görə, Ermənistan həm siyasi, həm də texniki baxımdan Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən tranzitinə icazə verməyə artıq bu gündən hazırdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->