Xəbər lenti

Paşinyan Ermənistanı KTMT-dən niyə çıxara bilmir? - Politoloq
Dünya 14:37 05.12.2024

Paşinyan Ermənistanı KTMT-dən niyə çıxara bilmir? - Politoloq

"Paşinyan KTMT məsələsində son addımı atmağa tələsmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistanın özünü KTMT-dən kənarda hesab etdiyi barədə fikirlərini şərh edərkən deyib.

Abutalıb Səmədov bildirib ki, Ermənistan rəsmi şəkildə KTMT-ni tərk etməyib:

"Ancaq onun işində iştirak etmir, maliyyələşdirmir, təlimlərə qatılmır. Paşinyan açıq şəkiıdə geriyə dönüşün mümkünsüz olduğunu da bildirib. Ancaq İrəvan hələlik rəsmi şəkildə təşkilatı tərk etmək də istəmir. Çünki bu addımın Ermənistana ciddi problemlər yaradacağını bilir. Ermənistanın İran və Türkiyə sərhədlərini Rusiya qoruyur. Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması problemlidir. Rusiyanın Gümrüdəki hərbi bazası 2044-cü ilə qədər orada olacaq. Digər tərəfdən, Rusiyada 800 minə yaxın erməni işləyir ki, onlar da ötən il Ermənistana 4 milyard dollara yaxın pul göndərib. Ermənistan Rusiyadan ucuz qaz alır. Bu ölkənin əsas sənaye müəssisələri müqavilə əsasında Rusiya şirkətlərinə icarəyə verilib. Moskva ilə İrəvan arasında ticarət dövriyyəsinin həcmi bu il 15 milyard dollara çata bilər. Bütün bunlar da İrəvanı düşünmək məcburiyyətində qoyur".
 


Ekspert qeyd edir ki, Rusiya Ermənistana qarşı iqtisadi və siyasi rıçaqlardan istifadə etsə, İrəvan üçün ciddi problemlər yaranacaq:

"Aydın məsələdir ki, Ermənistan KTMT-dən çıxsa, Rusiya da ona qarşı təzyiq addımlarını atacaq. Nəticədə Ermənistan üçün kifayət qədər problemlər yaradacaq. Ona görə də Paşinyan hələlik son addımı atmağa tələsmir. Rusiyanın da başı hələlik Ukrayna müharibəsinə qarışıb. Moskva bu müharibənin bitməsini gözləyir. Güman ki, bu cəbhədə 2025-ci ildə atəşkəsə nail olmaq mümkün olacaq. Məhz bundan sonra Kreml Paşinyanın hakimiyyətdən uzaqlaşması istiqamətində daha qəti addımlara keçəcək. Buna nail olmaq üçün də bütün rıçaqlardan istifadə edəcək. Rusiyanın Ermənistana hərbi müdaxilə ehtimalı yox dərəcəsindədir. Ancaq bunu da tam istisna etmək olmaz. Ona qədər də Rusiyanın Ermənistana qarşı istifadə edə biləcəyi kifayət qədər vasitələr var".

Qeyd edək ki, bir sıra KİV-in məlumatına görə Paşinyan Ermənistanın KTMT-dən getdiyini bəyan edib: "Ermənistan və KTMT münasibətləeri geridönüş nöqtəsini keçib. Ermənistan özünü KTMT-dən kənarda hesab edir".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->