"Paşinyanın Rusiyanın atom sənayesinin 80 illi ilə bağlı tədbirə dəvət edilməsi Moskvanın Ermənistanın atom stansiyasının tikintisində iştirakı ilə bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın atom sənayesinin 80 illiyi tədbirində iştiraka dəvət edilməsini şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, Paşinyanla Putinin görüşü baş tutsa, Cənubi Qafqazla bağlı məsələlər müzakirə ediləcək:
"Çox ehtimal ki, sözügedən tədbirə Putin Rusiyanın tikintisində iştirak etdiyi və yaxud xidmət etdiyi atom stansiyalarının olduğu ölkələrin liderlərini dəvət edib. Paşinyan da yəqin ki, məhz buna görə tədbirə dəvətlilər sırasında yer alıb. Amma aydındır ki, bu kimi görüşlərdə liderlər şansdan yararlanaraq, digər münasibətlərini tənzimləmək üçün də istifadə edirlər. Ona görə də Putinin ola bilsin bir sıra digər ölkə liderləri, o cümlədən Paşinyanla da ayrıca görüşü olsun. Paşinyanla Putinin görüş olarsa nələri müzakirə edəcəkləri də aydındır. Belə bir görüş baş tutarsa, onların Cənubi Qafqazdakı münaqişənin həlli və yol-tranzit məsələlərini müzakirə edəcəkləri gözləniləndir".
Qeyd edək ki, bu gün Rusiya atom sənayesinin 80 illiyi münasibətilə Moskvada Qlobal atom forumu keçiriləcək. Vladimir Putinin də iştirak edəcəyi tədbirə dəvət edilənlərin siyahısı maraq doğurub. Belə ki, Belarus prezidenti Aleksandr Lukaşenko, Myanmanın prezident əvəzi Min Ayn Hlayn, Ermənistan baş naziri Nikol Paşinyan, Efiopiya baş naziri Abiy Əhməd Əli, atom energetikası üzrə beynəlxalq agentliyin baş direktoru Rafael Qrossi, habelə Misir, İran, Özbəkistan, Nigerdən nümayəndələr dəvət edilənlər sırasında yer alıb. Məlumata görə, forumdan sonra Putinin bir sıra xarici ölkə nümayəndələrilə görüşü də olacaq.
Rüfət Sultan
Şərhlər