1883-cü il avqustun 27-də İndoneziyada baş vermiş Krakatau vulkanının püskürməsi insanlıq tarixində qeydə alınmış ən gurultulu səs kimi tanınır.
Qaynarinfo "Wionews" portalına istinadən xəbər ki, səhər saat 10:02-də baş verən partlayışın səsi 4800 kilometr məsafədən – Hind okeanındakı Mavriki və Avstraliyadan belə eşidilib.
Səsin gücü o qədər yüksək olub ki, yaxınlıqdakı gəmilərdə insanların qulaq pərdələri partlayıb və partlayışın təzyiq dalğaları dünyanın müxtəlif yerlərindəki cihazlarda qeydə alınıb. Bu hadisə yalnız ərazinin landşaftını deyil, həm də Yer atmosferini və iqlimini dəyişdirib.
Partlayış nəticəsində adanın 2/3-si məhv olub, 46 metr hündürlüyündə sunami yaranıb. Vulkanik kül buludları 25 kilometr hündürlüyə qalxaraq bütün dünyada iqlimə təsir göstərib. Püskürmənin yaratdığı atmosfer zərbə dalğaları dəfələrlə Yer kürəsini dolaşıb və nəticədə qlobal istiliyin azalmasına, "vulkanik qış" deyilən iqlim hadisəsinə səbəb olub. Bu isə genişmiqyaslı məhsul itkilərinə və ərzaq qıtlığına yol açıb.
Alimlərin hesablamalarına görə, püskürmənin gücü təxminən 200 meqaton trotil ekvivalentinə bərabər olub ki, bu da Xirosimaya atılan atom bombasından 10 min dəfə güclüdür. Dalğaların dağıdıcı təsiri nəticəsində 160-dan çox kənd yerlə-yeksan olub və 36 mindən artıq insan həlak olub.
Krakatau faciəsi vulkanologiya və seysmologiya sahəsində araşdırmaların inkişafına təkan verib. Bu hadisə alimləri nəhəng püskürmələrin səbəblərini və nəticələrini öyrənməyə məcbur edib.
Oxşar güclü səs dalğaları tarixdə başqa təbii fəlakətlərdə də qeydə alınıb. Məsələn, 1886-cı ildə Yeni Zelandiyadakı Taravera vulkanının püskürməsi 1000 kilometr uzaqlıqda eşidilib. 1908-ci ildə Sibirdə baş verən Tunquska hadisəsi – meteoritin havada partlaması nəticəsində yaranan zərbə dalğaları isə 2000 kvadrat kilometr meşəni məhv edib. Daha yaxın tarixdə, 1980-ci ildə ABŞ-da Sent-Helen vulkanının püskürməsi 320 kilometr məsafədən eşidilib.
Aydın
Şərhlər