İdman 14:18 01.08.2022

Qrossmeysterlərimiz reytinqdə irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, reytinqdə azərbaycanlı şahmatçıların da son mövqeyi müəyyənləşib. Yığma üzvlərindən Şəhriyar Məmmədyarov (2758 xal) 2, Teymur Rəcəbov (2747 xal) isə 3 pillə irəliləyib. Məmmədyarov hazırda dünya reytinqində 10-cu, Rəcəbov 15-ci sırada qərarlaşıb. Kişi şahmatçılarımızdan ilk "yüzlük"də Azərbaycanın daha iki təmsilçisi yer alıb. Qədir Hüseynov (2668 xal) 78-ci, Rauf Məmmədov (2656 xal) isə 93-cü pillədə qərarlaşıblar. Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü yerdədir.

Qadınların reytinq cədvəlində Azərbaycan şahmatçılarından Günay Məmmədzadə 5 pillə irəliləyərək 2466 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2413) 41-ci, Gülnar Məmmədova (2380 xal) isə 68-ci pillələrdə qərarlaşıb. Qadınların reytinq cədvəlinə Çinli Hou Yifan (2650 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.
 
Səbuhi Həsənov