Dünya 16:40 04.05.2022

Rusiya Afrikadan Avropaya qaz kəmərini maliyyələşdirmək istəyir

Rusiya Nigeriya və Mərakeşi Avropa ilə birləşdirəcək qaz kəmərinə sərmayə qoymaqda maraqlıdır. 

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu Nigeriyanın energetika naziri Timpire Silva deyib.

"Rusiya nümayəndələri keçən həftə ofisimdə olublar. Onlar həqiqətən də bu layihəyə sərmayə qoymaq istəyirlər və layihəyə sərmayə qoymaq istəyən çoxlu sayda insan var”, deyə nazir jurnalistlərə bildirib.

O, qeyd edib ki, qaz kəməri Afrika ölkələrini Avropadan olan alıcılarla birləşdirəcək.

Qaz kəmərinin uzunluğu 5660 km olacaq ki, bu da onu dünyada ən uzun qaz kəməri edəcək. Timpire Silvanın sözlərinə görə, Nigeriya prezidenti Muhammadu Buharinin administrasiyası onun prezidentlik müddəti bitməmiş, 2023-cü ilin mayından əvvəl tikintiyə başlamaq niyyətindədir. Nazir tikintinin ilkin dəyərini açıqlamayıb.

Bu günə qədər ən uzun enerji kəməri Samaradan başlayan və şimalda Belarus, Polşa, Almaniya, Litva və Latviya, cənub hissəsində isə Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiyadan keçən Drujba neft kəməridir. Uzunluğu 5500 km-dir.

Nigeriya və Mərakeş hakimiyyəti hələ 2016-cı ildə qaz kəməri çəkməyi planlaşdırdıqlarını açıqlamışdı. Nigeriyanın xarici işlər naziri Ceffri Onyeama bildirib ki, boru kəməri Nigeriyaya Avropa bazarına daxil olmağa imkan verəcək. İki ölkə arasında müqavilə Mərakeş kralı VI Məhəmmədin Nigeriyanın paytaxtı Abucaya səfəri zamanı imzalanıb.

OPEC-in 2020-ci il məlumatlarına görə, Nigeriya təsdiqlənmiş qaz ehtiyyatlarına görə təşkilatın üzvləri arasında dördüncü yerdədir - 5,7 trilyon kubmetr. 2019-cu ilin məlumatlarına görə, dünya qaz ehtiyyatları arasında Nigeriyanın payı 2,79% təşkil edib.

Nizami Bağırov