Xəbər lenti

Rusiya Ermənistana hərbi müdaxilə edəcəkmi? (ŞƏRH)
Dünya 18:18 28.05.2024

Rusiya Ermənistana hərbi müdaxilə edəcəkmi? (ŞƏRH)

"Ermənistan Rusiyanın qırmızı cizgilərini hələ keçməyib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov deyib.

"Korotçenkonun qeyd etdikləri imperiya maraqlarından çıxış edən Rusiyanın rəsmi fikridir. Bu, tək İrəvana yox, prioritet məsələlərdə bütün postsovet məkanı ölkələrinə aiddir. Təbii ki, müəyyən nüanslar istisna olmaqla. Korotçenkonun bu fikirləri bilavasitə Ermənistana hansı siyasət yürütmək lazım olması ilə əlaqəli birbaşa göstəriş vermək deməkdir. Rusiya özünü Ermənistana göstəriş verəcək durumda hesab edir”, deyə Azər Qasımov bildirib.

Ekspertə görə, Ermənistan rəhbərliyinin bu tələbləri yerinə yetirəcəyi şübhə altındadır:
 
"Ermənistan Rusiyanın qırmızı cizgilərini tapdalayacaq həddi hələlik keçməyib. Əks halda, Rusiya çoxdan Ermənistana ordu yeritmişdi. Təbii ki, Ukrayna müharibəsi ilə əlaqəli olaraq Rusiyanın hərbi gücünün buna imkan vermədiyini düşünənlər də çoxdur. Amma Rusiya üçün Ermənistan Ukrayna deyil. Bunun üçün kiçik bir hərbi kontingent bəs edər”.
 


Lakin həmsöhbətimiz düşünür ki, Rusiya İrəvana münasibətdə belə addımın atılmasının hələ tez olduğu qənaətindədir:

"Hərbi müdaxilə erməni toplumunun böyük əksəriyyətinin Rusiyadan üz döndərməsinə səbəb olar. Çünki hələlik Ermənistanda neytral və Qərbyönlü kütlə kifayət qədərdir. Rusiya Qərbin Ermənistanda mövcudluğunun son mərhələsinə kimi gözləmə mövqeyi tutacaq. Qərbin hara kimi gedə biləcəyini izləyəcək və Ukraynada olduğu kimi son anda ciddi cavab verəcək”. 

Bu baxımdan, Azər Qasımovun fikrincə, Ermənistanın konkret olaraq Moskvanın, ya Qərbin yanında olduğunu hələlik qəti olaraq demək olmaz:

"Hələ bir qədər də gözləmək lazımdır. Paşinyanın regionda Azərbaycanla sülh istiqamətində atdığı konstruktiv addımlar fonunda Moskva ilə Qərb səbəbindən qarşıdurmaya gedəcəyi, bu zaman Ermənistanın gələcəyini təhlükəyə atacağı da məntiqə uyğun deyil. Hesab edirəm ki, Paşinyan sadəcə Qərbi yanında görmək istəyir, Qərbi regiona gətirmək yox”. 

Qeyd edək ki, Rusiyalı politoloq İqor Korotçenko Ermənistan qarşısında bir sıra tələblərlə çıxış edib. O deyib ki, ümumiyyətlə, Ermənistanın baş nazirinin soyadının necə olması Rusiyanı maraqlandırmır:

"Burada vacib olan bir neçə məqam ancaq budur: Ermənistan KTMT, MDB və Aİİ-nin üzvü olaraq qalır, Rusiyanın Ermənistandakı hərbi və sərhəd mövcudluğunu tam olaraq saxlayır. Eyni zamanda, AB-nin müşahidə missiyasının Ermənistandan tamamilə çıxarılması, ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşlarının sayının iki dəfə azaldılması vacibdir. Həmçinin İrəvanın Fransa silahlarının alınması ilə bağlı bütün müqavilələri ləğv etməsi, eləcə də FTX-nin sərhəd xidmətinin nəzarətində olan Zəngəzur nəqliyyat dəhlizinin açılması, Ermənistanda rus dilinin tədris olunduğu məktəblərin aktiv inkişafı da bura aiddir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->