Xəbər lenti

Dünya 18:48 13.12.2023

"Rusiyada hər şey xalqın reaksiyasından asılı olacaq" - Ekspert

"Daxili təpki olmasa, tətbiq edilən sanksiyalarla Rusiyanı heç nəyə məcbur etmək mümkün olmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev ABŞ və Kanadanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, Rusiyaya qarşı sanksiyaların əsası, 2014-cü ildən qoyulub:

"Qərb Rusiyaya yönəlik öldürücü sanksiyalara isə iki il bundan öncə başlayıb. Qoyulan sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurub. 100 milyardlarla dollar dəyərində xarici investisiya Rusiya ərazisindən çəkildi. Rusiyanın bank sistemi də demək olar ki, çöküb. Bu sanksiyalar Rusiyanı illərlə geri atıb. Lakin bu sanksiyaların Rusiyanı dizi üstə çökdürəcəyi məsələsi hələlik sual altındadır".

Ekspertin fikrincə, Rusiyada elə bir hakimiyyət formalaşıb ki, onlar lazım gəlsə, orta əsr yaşam sistemini qəbul edib, yenə də fəaliyyətlərini davam etdirəcəklər:

"Hər şey Rusiya xalqının hansı reaksiya göstərməsindən asılı olacaq. Onlar dirəniş göstərəcəksə, bu halda sanksiyaların da mənası olacaq. Digər tərəfdən, Rusiya elitasının meyli hər zaman Qərbə istiqamətlənib. Onlar düşüncə və yaşam tərzinə görə, Qərbə açılmaya hazır  insanlardır. Bu mənada hər şey onların Rusiyanın qapalı qalmasıa münasibətindən asılı olacaq. İndiki halda bu müqaviməti görmürük. Amma nə zamansa görəcəyik".

Həmsöhbətimiz deyib ki, Çin və Hindistan kimi nəhənglərin sanksiyalara qoşulmaması da Rusiyanı müəyyən dərəcədə xilas edir:

"Ona görə hələ ki, Rusiya sanksiyalara dözür. Amma istənilən halda, zəifləməyə doğru gedir. Belə vəziyyət gələcəkdə Rusiyanın hərbi cəhətdən zəifləməsinə də səbəb olacaq".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi və Kanada Xarici İşlər Nazirliyi məlumatına görə, bu ölkələr Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Belə ki, ABŞ onlarla fiziki və hüquqi şəxsi Rusiya üzrə sanksiya siyahısına əlavə edib. Qeyd olunur ki, siyahıya Rusiya vətəndaşları, həmçinin Rusiyanın "Expobank”ı, qızıl hasilatı ilə məşğul olan "Highland Gold” şirkəti və onun sahibi Vladislav Sviblov daxil edilib. Kanada isə anti-Rusiya sanksiya siyahısına daha 30 fiziki şəxsi əlavə edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->