Xəbər lenti

Rusiyanın təbliğat maşını Kremlin məğlubiyyətini etiraf edir: Nə baş verir?
Dünya 18:18 30.11.2022

Rusiyanın təbliğat maşını Kremlin məğlubiyyətini etiraf edir: Nə baş verir?

Son zamanlar Rusiya televiziya kanallarında Ukraynada cərəyan edən müharibə ilə bağlı şimal ölkəsi üçün bir sıra pessimist fikirlər səslənməyə başlayıb. Hətta Rusiyanın dövlət kanallarında belə Ukrayna ilə müharibədə məğlubiyyət perspektivlərindən danışmağa başlayıblar. 

Bu günlərdə Vladimir Solovyovun tok-şousunda iştirak edən RT-nin baş redaktoru Marqarita Simonyan "Hamımızı Haaqa Tribunalı gözləyir” kimi xəbərdarlıqla çıxış edib: "Bu işdə əli olanların hamısını Haaqa Tribunalı gözləyir. Əgər biz uduzsaq, hətta Kreml divarının arxasında səki daşlarını süpürən süpürgəçini də şərti və ya konkret Haaqa gözləyir. Nə olsun ki, Kiyevin daha bir rayonu işıqsız qalacaq. Biz uduzsaq, ölkəmizin qarşılaşdığı fəlakətin miqyasını təsəvvür etmək belə mümkün deyil”. 

Simonyan həmçinin Ukraynanın Krımı geri ala biləcəyi ilə bağlı narahatlığını qeyd edib və etiraf edib ki, Rusiyanın döyüş meydanında Kiyevə qarşı çıxaracaq heç nəyi yoxdur - buna görə də ordu mülki infrastrukturu bombalayır: "Onlar bizim Krımı almağa hazırlaşırlar və biz bu vəziyyətdə edə biləcəyimiz yeganə işi görürük - hər gün onların infrastrukturunu bombalayırıq". 

QAFSAM sədri Araz Aslanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, son zamanlar Rusiya telekanallarında rəsmilərə bağlı şəxslər tərəfindən ölkənin Ukraynada yürütdüyü siyasətə əks fikirlərin səslənməsi bilavasitə ölkənin düşdüyü ümumi vəziyyətlə bağlıdır:



"Təbii ki, Kreml Ukraynanın işğalı prosesinin asan olmayacağı və onun ağır nəticələrinin olacağını bilirdi. Amma prosesin bu qədər uzun sürəcəyinə dair ehtimallar yox dərəcəsində idi. Aylarla davam edən müqavimət, Qərbin Rusiyaya sanksiyaları və bu blok daxilində gərginliyin Moskvanın gözlədiyi qədər olmaması da şimal ölkəsində müharibə ilə bağlı müəyyən pessimizin yaranmasına gətirib çıxarıb. Simonyanın sözügedən açıqlaması da həmin pessimizmin ifadəsidir. 

Rusiya daxilində problemlər artdıqca, uğur arzuolunan səviyyədə olmadıqca, istər-istəməz fərqli fikirlərin səslənmə ehtimalı da artır. Güman ki, özümüzdəki mərhələdə hakimiyyət tərəfindən ağır cəzalandırıcı, məhdudlaşdırıcı addımlar atılmasa, bu kimi pessimist fikirləri hərbi ekspertlər, keçmiş rus diplomatların dilindən də eşidəcəyik”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->