"Bu məsələ ilə bağlı rəsmi məlumat ondan ibarətdir ki, Ermənistanın konstitusiya və digər sənədlərində yer alan Azərbaycana aid ərazi iddialarının aradan götürülməsi şərti qüvvəsində qalır".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənsitan XİN rəhbəri Ararat Mirzoyanın sülh sazişinin imzalanması üçün Azərbaycanın guya "əlavə şərtlər" irəli sürdüyü barədə bəyanatını şərh edərkən deyib.
Ekspert bildirib ki, Mirzoyanın avqustun 8-dən iki ay keçəndən sonra, regionda diplomatik dinamikanın yenidən artdığı bir zamanda həmin məsələyə toxunması Paşinyanın Moskvaya olan son səfərilə bağlıdır:
"Paşinyanın Moskvaya səfərindən sonra ciddi şəkildə ona bildiriblər ki, İrəvan Trampın sülh təşəbbüsünü icra etsə, onun problemləri olacaq. İrəvan açıq şəkildə Trampla əldə edilən razılıqdan imtina etmək istəmir. Ona görə də müxtəlif addımlar atırlar ki, Azərbaycanı günahkar çıxarsınlar. Bu, silsilə olaraq Azərbaycana qarşı əsassız iradlar səsləndirmək onların taktikasıdır. Mirzoyanın bəyanatı da məhz bundan irəli gəlir. Ondan qabaq Paşinyan da Zəngəzur dəhlizi ifadəsindən xoşunun gəlmədiyi, konstitusiyanı dəyişsələr də onun Azərbaycanın tələblərilə əlaqəli olmadığına dair bəyanatlar səsləndirib".
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın "TVP World" telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı son proseslər barədə danışıb. Müsahibəsində Mirzoyan bildirib ki, guya Azərbaycan sülh sazişinin imzalanması üçün "əlavə şərtlər" irəli sürür:
"Biz sənədi imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın".
Bununla yanaşı, Mirzoyan Azərbaycanın hansı konkret şərtləri irəli sürdüyü barədə heç bir açıqlama verməyib. Mirzoyan bu məsələyə avqustun 8-dən sonra ilk dəfə məhz indi, yəni regionda diplomatik dinamika yenidən artdığı bir zamanda toxunur. Digər tərəfdən, Mirzoyanın bu sayaq bəyanatı baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə yaxınlarda baş tutan görüşündən sonra səsləndirməsi də maraq doğurur.
Rüfət Sultan
Şərhlər