ABŞ-ın texnologiya embarqoları və sərt nəzarətləri davam edərkən, Çin yarımkeçirici sənayesində mövcud fərqi azaltmaq üçün bütün yolları sınaqdan keçirir. Xüsusilə "Nvidia” və TSMC kimi nəhənglərlə rəqabət aparmaq istəyən Pekin rəhbərliyi yerli çip istehsalını sürətləndirmək üçün köhnə, lakin olduqca təsirli üsula əl atır: rəqib şirkətlərin əsas mütəxəssislərini yüksək maaş təklifləri ilə öz heyətinə cəlb etmək.
Qayanrinfo xəbər verir ki, Cənubi Koreya mərkəzli "The Elec" nəşrinin yaydığı məlumata görə, "Samsung”un keçmiş rəhbər və əməkdaşlarından ibarət bir qrup şirkətin 10 nanomet DRAM texnologiyasını Çinə sızdırmaq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
Seul Mərkəzi Rayon Prokurorluğu apardığı istintaq çərçivəsində çinli çip istehsalçısı "Çhangxin Memory Technologies” (CXMT) şirkətində çalışan yüksək vəzifəli meneceri həbs edib. Keçmiş "Samsung” əməkdaşı olan bu şəxsin CXMT-də 10 nanometr DRAM inkişaf proseslərini birbaşa idarə etdiyi iddia olunur. Əməliyyat zamanı həmin menecerlə yanaşı daha dörd əməkdaş da saxlanılıb.
İddialara əsasən, CXMT yalnız "Samsung”dan mühəndisləri transfer etməklə kifayətlənməyib, eyni zamanda bu şəxslər vasitəsilə şirkətin özəl mülkiyyətinə aid DRAM məlumatlarını da Çinə aparıb. Hətta Çinin 2023-cü ildə kütləvi istehsalına başladığı ilk yerli DRAM çiplərinin birbaşa "Samsung”dan oğurlanan bu məlumatlar əsasında hazırlandığı bildirilir.
İstintaqın ən diqqətçəkən məqamlarından biri isə 2016-cı ildə Çin şirkətinə keçən keçmiş "Samsung” tədqiqatçısının 10 nanometr texnologiyasına dair yüzlərlə səhifəlik əlyazma sənədi özü ilə aparması olub. Cənubi Koreya prokurorları bu sızıntıların yerli istehsalçılara vurduğu iqtisadi zərərin milyardlarla dollarla ölçüldüyünü qeyd edir.
Cənubi Koreyalı rəsmilər Çin hökumətinin ölkənin yeganə yerli DRAM istehsalçısı olan CXMT-yə 1,7 milyard dollardan çox sərmayə yatırdığını bildirir. Bu nəhəng büdcə Çinin xarici asılılığı aradan qaldırmaq və avadanlıq sahəsində özünü təmin etmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. "Samsung”un üzləşdiyi bu məlumat sızıntısı xəbəri qlobal DRAM bazarında ehtiyatların azaldığı və qiymətlərin sürətlə artdığı bir dövrə təsadüf edir. Bu da oğurlandığı iddia olunan texnologiyanın strateji əhəmiyyətini daha da artırır.
Aydın
Şərhlər