İraqın devrilmiş lideri Səddam Hüseyni dindirmək üçün ABŞ tərəfindən xüsusi təyin olunmuş FTB agenti İraqın işğalının 20-ci ildönümündə çıxış edərək, gizli saxlanılan danışıqlarla bağlı diqqətçəkən açıqlamalar verib.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın o zamankı prezidenti Corc Buş 2003-cü il martın 19-da ölkənin kütləvi qırğın silahları ilə dolu olduğunu iddia edərək, İraqı işğal etmək əmri vermişdi. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin paytaxt Bağdada girməsindən sonra yoxa çıxan dövrün lideri Səddam Hüseyn dekabrın 13-də Şimali İraqda bir çuxurda gizlənərkən tapılmışdı.
Səddam Hüseynin tutulmasından sonra ABŞ administrasiyası FTB agenti Corc Piroya ölkənin indiyə qədər etdiyi ən mühüm sorğu-suallardan birini keçirməyi tapşırmışdı.
Corc Piro
İçəri heç kimin buraxılmadığı dindirmə otağında yeddi ay ərzində Səddam Hüseynlə danışan FTB agenti CNN-in müxbiri Peter Bergenə bildirib ki, rəhbəri ona zəng edərək "Səddam Hüseynlə bir il keçirməyə hazırlaş" deyib. Corc Piro əvvəlcə bundan qorxduğunu etiraf edib.
Vəzifəsini layiqincə yerinə yetirmək üçün Səddam Hüseyn haqqında kitablar alan, həyatını əvvəldən sona qədər araşdıran Piro Səddam Hüseynin ilk görüşdə ona baxdığını və 30 saniyə ərzində iki şeyi anladığını bildirib:
"İçəri girəndə adımın Corc Piro olduğunu və onu sorğu-sual etmək üçün gəldiyimi dedim. O, mənə baxdı və "sən livanlısan" dedi. Ona ailəmin livanlı olduğuğunu dedim. Sonra mənə xristian olduğumu söylədi. Bunların onun üçün problem olub-olmadığını soruşdum. "Əsla yox" cavabını verdi. O, livanlıları sevirdi".
7 aylıq sorğu-sual prosesi ilə bağlı danışan Piro "Əvvəlcə onu ancaq səhərlər görürdüm. Rəsmi sorğular həftədə bir və ya iki dəfə aparılırdı, bir neçə saat davam edirdi. Zaman keçdikcə onunla daha çox təkbətək vaxt keçirməyə başladım. Xüsusilə ilk bir neçə ayda məqsədim onu danışdırmaq idi. Ondan həyatda nəyə dəyər verdiyini, nəyi sevdiyini, nəyi sevmədiyini soruşdum. Beləliklə, tarixdən sənətə, idmandan siyasətə qədər hər şey haqqında danışdıq”, deyib.
MKİ-nin o dövrdə istifadə etdiyi qabaqcıl sorğu-sual üsullarından yararlanmadığını deyən FTB agenti "Səddamın dürüst, səmimi və mövzunu müzakirə etmək istəyində olduğunu hiss edənə qədər kütləvi qırğın silahlarından və ya "Əl-Qaidə"dən danışmayacaqdım. Sonrakı söhbətlərimizdə o, mənə Üsamə bin Ladeni sevmədiyini və "Əl-Qaidə" ideologiyasına inanmadığını söylədi. O, ABŞ administrasiyasının əlində olduğundan qorxduğu kütləvi qırğın silahlarına sahib olmadığını söylədi. Onun sözlərinə görə, ölkəsinin ən qatı düşməni ABŞ və ya İsrail deyil, İran olub. Kütləvi qırğın silahlarının olduğunu deyəndə məqsədi İranı qorxutmaq imiş", deyə qeyd edib.
Qeyd edək ki, Səddam Hüseyn 1979-2003-cü illərdə İraqın prezidenti olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib, həmin il dekabrın 13-də Tikritdə həbs olunub və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilib. 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq cinayətlərindən asılaraq edam edilib.
Aydın
Şərhlər