Mərakeşdən olan təxminən 60 min qeyri-qanuni miqrant bir sutka ərzində İspaniyanın Seuta muxtar şəhərinə daxil olub.
Qaynarinfo xəbər verir ki, bu barədə şəhərin rəhbəri Xuan Xesus Vivas Lara "Cadena SER" radiosuna açıqlamasında bildirib.
"Qiymətləndirmələrə görə, şəhərimizə təxminən 60 min nəfər daxil olub. Bu, Seuta əhalisinin təxminən 70 faizinə bərabərdir", deyə o qeyd edib.
Seuta hakimiyyəti miqrant axınının öhdəsindən gəlməkdə çətinlik çəkir və İspaniya vəziyyəti nəzarətə almaq üçün ordunu səfərbər edib. Məlumata görə, yaranmış vəziyyət Madridlə Roma arasında diplomatik gərginliyə səbəb olub.
Seuta İspaniyanın Şimali Afrikada yerləşən muxtar şəhəridir və coğrafi mövqeyinə görə uzun illərdir miqrasiya problemi ilə üzləşir. Belə ki, 2021-ci ildə bir neçə gün ərzində təxminən 10 min nəfər, əsasən Mərakeş vətəndaşları şəhərin sərhədini keçmişdi. Afrikadan gələn miqrasiya axınına nəzarət etmək məqsədilə Seutanın Mərakeşlə sərhədi boyunca tikanlı məftillə təchiz edilmiş hündür hasar inşa olunub.
İspaniyanın ifrat sağçı Vox Partiyasının lideri Santyaqo Abaskal Seutada yaşanan miqrasiya böhranı fonunda ölkənin Baş naziri Pedro Sançesi sərt tənqid edib. Abaskal Pedro Sançesi "xəyanətkar" adlandıraraq onun "İspan xalqının düşməni kimi hərəkət etdiyini" bildirib. O, hazırkı hökumətin devrilməsinə çağırış edib və baş nazirin "məhkəmə qarşısına çıxarılmalı olduğunu" deyib.
Baş naziri Pedro Sançes isə Seuta muxtar şəhərinə miqrantların kütləvi axınını insan alveri ilə məşğul olan cinayətkar qruplaşmaların fəaliyyəti ilə əlaqələndirib. O bildirib ki, insan alveri ilə məşğul olan mafiya qruplaşmaları İspaniya Ali Məhkəməsinin qeyri-qanuni miqrantların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qərardan istifadə ediblər.
Son məlumatlara görə, Seuta şəhərinə daxil olmağa çalışan Mərakeşdən olan qanunsuz miqrantlar arasında ölənlərin sayı 34-ə çatıb. Bu barədə Seuta muxtar şəhərinin prezidenti Xuan Xesus Vivas Lara bildirib.
Güc strukturları və təcili yardım xidmətinin məlumatına görə, bu il Seutaya üzərək çatmağa cəhd edərkən ölən miqrantların sayı 64-ə çatıb.
Aydın
Şərhlər