Suriyada devrilmiş Bəşər Əsəd rejiminə sadiq qüvvələr tərəfindən təşkil olunan "pusqu" nəticəsində 14 polis işçisi öldürülüb, 10 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Suriyanın Daxili İşlər Nazirliyinə istinadla yazır.
Xəbərdarlıqda bu hadisənin Tartusun kənd bölgəsində baş verdiyi bildirilir.
Keçid administrasiyası hadisəni Bəşər Əsədin devrilməsindən iki həftə sonra ölkədə müşahidə olunan ən böyük etirazlar və gecə komendant saatı ilə müşayiət olunan qarışıqlıqların olduğu vaxtda baş verdiyini təsdiqləyib.
Suriyanın yeni daxili işlər naziri Tartusda Əsəd rejiminin "qalıqları" tərəfindən 14 polis işçisinin öldürüldüyünü və 10 nəfərin yaralandığını bildirib. O, "Suriyanın təhlükəsizliyinə zərər vurmağa və ya vətəndaşlarının həyatını təhlükəyə atmağa cəsarət edən hər kəslə amansız davranacağına" söz verib.
Daha əvvəl dövlət KİV-nin bildirdiyinə görə, Suriya polisi Homs şəhərində nümayişlərlə əlaqəli iğtişaşlar səbəbilə gecə komendant saatı tətbiq edib. Şəhər sakinlərinin sözlərinə görə, həmin nümayişlərə azlıq qruplarından olan ələvi və şiə müsəlman dini icmalarının üzvləri rəhbərlik edir.
Əsəd rejimi 53 il Suriyada hakimiyyətdə qalıb, lakin 12 gün davam edən və 8 dekabrda ölkənin paytaxtı Dəməşqin ələ keçirilməsi ilə nəticələnən "Həyat Təhrir əş-Şam" və ya "Levantın Azadlıq Təşkilatı" adlı islamçı hərbi qruplaşmanın liderlik etdiyi üsyan nəticəsində devrilib.
Suriya İnqilabi və Müxalifət Gücləri Milli Koalisiyasının sədri Hadi əl-Bəhra Əsəd rejiminin devrilməsindən sonra mülki hökumət formalaşdırmaq planlarını açıqlayıb.
Suriyanın yeni müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir təyin olunub.
Rusiyanın "TASS" və "RİA Novosti" dövlət agentliklərinin məlumatına görə, devrilmiş Suriya prezidenti Bəşər Əsəd və ailəsi Moskvada sığınacaq tapıb.
16 dekabrda "The Wall Street Journal” bildirib ki, Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra ailəsinin yarım əsrlik avtoritar idarəçiliyi ərzində yığdığı sərvətlərə "ov" başlayıb. Təxminlərə görə, onların aktivləri 12 milyard dollar dəyərində ola bilər.
"Financial Times” xəbər verir ki, Rusiya yeni Suriya rəhbərliyi ilə apardığı danışıqlardan sonra Dəməşq regionundan ən azı 400 əsgərini çıxarıb. "Həyat Təhrir əş-Şam"ın nümayəndəsi bildirib ki, Suriyanın digər bölgələrindəki əsgərlərin çıxarılması üçün də danışıqlar davam edir.
Alpər
Şərhlər