"Nəqşicahan Holdinq LTD" Şirkətlər Qrupuna daxil olan və artıq ləğv edilən "Batabat Restorani" MMC ilə bağlı məhkəməyə müraciət edilib.
Qaynarinfo-nun məlumatına görə, ərizəçi Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsidir.
Qurum ərizəsində qeyd edib ki, MMC-nin dövlət büdcəsinə ümumilikdə 14 772,68 manat borcu var. Borc ödənilmədiyinə görə idarə məhkəmədən şirkət rəhbərinə "stop" qoyulmasını xahiş edib.
Ərizəyə Naxçıvan MR Kommersiya Məhkəməsində hakim Elşən Salmanovun sədrliyi ilə baxılıb və təmin edilib.
"Batabar Restorani" MMC-nin daxil olduğu "Nəqşicahan Holdinq LTD" Şirkətlər Qrupunu Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olub. Təsadüfu deyil ki, şirkətin yarandığı ilk illərdə onun rəhbəri Vasif Talıbovun qardaşı oğlu Vüqar Talıbov olub.
Mediada gedən məlumatlarda şirkətə nəzarəti Vasif Talıbovun oğlu Seymur Talıbovun həyata keçirdiyi barədə iddialar da var.
Vasif Talıbov istefaya göndəriləndən sonra ona bağlı şirkətlərə də "əl gəzdirilib". Xeyli sayda şirkət, o cümlədən "Nəqşicahan Holdinq LTD" onun nəzarətindən çıxıb.
Bəzi şirkətlər ləğv edilib. "Batabat Restorani" MMC-nin ləğvi də bu prosesin tərkib hissəsi olub.
Vergi sistemində də MMC-nin ləğv edildiyi qeyd olunub.
Ehtimal olunur ki, restoranın dövlət bidcəsinə borcu Talıbovların dövründən qalıb.
Seyid
Şərhlər