Xəbər lenti

Trampın təzadlı Ukrayna siyasəti nədən xəbər verir? (ŞƏRH)
Dünya 16:04 13.12.2024

Trampın təzadlı Ukrayna siyasəti nədən xəbər verir? (ŞƏRH)

"Trampın Ukraynanı dəstəksiz qoymayacaqları ilə bağlı verdiyi açıqlama yeni adminstrasiyanın Avropanın dəstəyini itirməmək, Putinin neokolonialist siyasətini cilovlamaq niyyətindən irəli gəlir". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib.

Üzeyir Şəfiyev bildirib ki, Trampın Ukrayna ilə bağlı açıqlamaları paradoksal fikirlərlə doludur:

"Bir tərəfdən deyir ki, ABŞ silahları ilə Ukraynanın Rusiyanın içərilərini vurması problemin eskalasiyasına gətirir. Eyni zamanda, bildirirdi ki, prezident kürsüsünə oturmazdan qabaq məsələni bitirəcək. Son açıqlamasında isə o, Ukraynanı dəstəksiz qoymayacağını bəyan edir. Ukrayna prezidenti Volodimir Zelenski qısa zamanda iki dəfə Trampla görüşüb. Görünür, Trampın son açıqlamasına məhz bu görüşlərin də təsiri olub. Digər tərəfdən, Avropa ölkələrinin də Trampa təsiri var. Bundan başqa, o, prezident olsa da, ABŞ dərin dövlətinin ümumi strateji xətti var. Məhz Avropa ölkələri ABŞ-a dünya polisi siyasətini gerçəkləşdirməyə dəstək verir. Kiyevin dəstəyin dayandırılması isə Trampın Avropanın bu dəstəyindən məhrum olması anlamına gələ bilər. Ona görə də Vaşinqton Trampın dövründə də Avropanı tək qoymayacaq. Bu həm də onun Ukraynanı da yalnız buraxacağı anlamına gəlmir".
 


Ekspert qeyd edir ki, Trampın Ukrayna siyasəti heç də onlara canyananlığından irəli gəlmir: 

"Düzdür, Tramp maksimum çalışır ki, diqdəti əsasən daxili məsələlərə yönəltsin. O iş adamı olaraq Amerikanı daha da gücləndirmək istəyir. Ancaq məsələ ondadır ki, bir neçə ildir dövlətlərin təhlükəsizlik məsələsi xarici ölkələr daxilində həll olunur. ABŞ, Fransa, Rusiya öz təhlükəsizliklərini digər dövlətlərə müdaxilə fonunda qoruyur. Bu baxımdan da ABŞ-ın Ukrayna siyasəti heç də Kiyevə canyananlıqdan irəli gəlmir".

Ekspertin fikrincə, Avropadakı müttəfiqləri itirməmək, ABŞ-ın dünya jandarmı funksiyasının azalmaması və Rusiyanın neoimperalist cəhdlərinin qarşısını almaq üçün Tramp Ukraynanı dəstəkləmək zorundadır:

"Tramp başa düşür ki, Putini ancaq Ukraynaya dəstək vermək yolu ilə sülh masasına oturda bilər. Hədə-qorxu gəlməklə Putini sülhə yatımlı etmək istəyir. Çünki hər nə qədər müharibə Ukraynada getsə də, ancaq bu həm də ABŞ-ın, NATO-nun şərqə doğru genişlənməsi müharibəsidir. Trampın hakimiyyətə gəlməsi dərhal sülhün bağlanacağı demək deyil. Amma Tramp ortaya iradə qoyacaq. Bunu nəzərə alaraq da müharibə edən tərəflər maksimum çalışırlar ki, yanvarın 20-dək sahədə uğur əldə etsinlər. Gözlənilən odur ki, Tramp hakimyyətə gələndən sonra məhz Ukraynanın güzəştləri hesabına müqavilə imzalanacaq. Reallıq budur. Ancaq Putin Rusiyası da durdurulacaq. Lakin bu məsələdə Avropa ilə Tramp arasında konsolidasiya əldə olunsa, ərazi bütövlüyü baxımdan Ukraynanın itkiləri də az olacaq".

Qeyd edək ki, inaqurasiyası yaxınlaşdıqca, ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna məsələsilə bağlı açıqlamaları da çoxalır. Lakin son günlər onun bu istiqamətdə açıqlamaları ziddiyyətli olması ilə seçilir. Tramp "Time” nəşrinə son açıqlamasında ABŞ-ın Ukraynanı dəstəksiz qoymayacağını deyib: "Çünki bu, sülh nizamlanmasına nail olmaq üçün zəruridir".

O qeyd edib ki, razılaşmaya nail olmağın yeganə yolu Ukraynanı dəstəksiz buraxmamaqdan keçir. Halbuki ondan bir gün əvvəl Tramp Ukraynanın ABŞ silahları ilə Rusiyanın içərilərini vurmasını yolverilməz hesab edib. Eyni zamanda o, müharibəni dayandıracağını da vəd etməkdə davam edir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->