"Bu görüşdən effektiv nəticə hələlik gözləməyinə dəyməz".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri arasındakı danışıqlar fonunda Kiyevin kənarda qalmasının prosesə verəcəyi effekti şərh edərkən deyib.
Ekspert qeyd edir ki, Ukrayna üçün vəziyyət mürəkkəbdir:
"Bu gün Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri görüşür. Məsələ ondadır ki, Tramp hökuməti 3-6 ay ərzində müharibənin dayandırılmasına nail olmağa çalışır. Ona görə də təmasları sürətləndirmək niyyətindədirlər. Avropa İttifaqı və Böyük Britaniya isə Amerikanın bu qərarından narazıdır. Hətta Böyük Britaniya baş naziri Ukraynaya qoşun göndərməyə hazır olduqlarını da bəyan edib. Ancaq Almaniya kansleri buna narazılıq bildirib. Göründüyü kimi, Ukrayna üçün vəziyyət olduqca mürəkkəbdir. ABŞ Ukraynaya maliyyə və hərbi yardımı kəsərsə, bu Kiyev üçün heç də yaxşı olmayacaq. Nümayəndələrin görüşündən sonra danışıqların hansı çərçivədə aparılacağı bəlli olacaq. Ola bilsin ki, danışıqlarda ilkin sülh şərtlərilə bağlı məsələlər müzakirə edilsin".
Rüstəm Tağızadə düşünür ki, Ukrayna və Aİ ona razılıq verməyəcək:
"Görünən odur ki, qarşıda hələ maraqlı proseslər çox olacaq. Lakin Tramp bir qədər ziddiyyətli şəxs olduğundan qərarları tez-tez dəyişir. Bu o demək deyil ki, müharibə tezliklə dayanacaq. Aİ də istəyir ki, Ukraynaya 700 milyard dollarlıq hərbi yardım etsin. Düşünürəm ki, bu görüşdən hər hansı bir effektiv nəticə hələlik gözləməyinə dəyməz. Aİ ilə Böyük Britaniya bu görüşün nəticələrini hesaba almaya da bilər. Ona görə də gözləməliyik. Effektiv nəticələrin əldə edilməsi üçün tərəflərin uzlaşması lazımdır".
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında ABŞ tərəfindən dövlət katibi Marko Rubio, prezident Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Valtzın, Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakovun iştirakı ilə görüş keçiriləcək. Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Ket Kelloqq isə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə görüşəcək.
Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, görüşdə ölkəsilə bağlı qəbul edilən qərarları tanımayacaq. Belə olan halda ABŞ Rusiya görüşünün effekt verəcəyinə şübhələr daha çoxdur.
Rüfət Sultan
Şərhlər