Xəbər lenti

Vəhdət Partiyası bölgələrdə daha geniş təşkilati platforma qurur (FOTO)
Foto 13:37 11.12.2025

Vəhdət Partiyası bölgələrdə daha geniş təşkilati platforma qurur (FOTO)

Adəm İsmayıl Bakuvi: "Regionlarda güclənmək – dövlətimizin güclənməsi deməkdir”

Vəhdət Partiyası son aylarda regionlarda təşkilatlanmanı möhkəmləndirmək üçün genişmiqyaslı tədbirlər həyata keçirir. 

Qaynarinfo xəbər verir kki, Şirvan Gənclər Evində keçirilən və yüzdən çox partiya üzvünü bir araya gətirən konfransda əsas gündəm partiyanın bölgələrdə daha məqsədyönlü fəaliyyət mexanizmləri qurması olub. Struktur islahatları, yerli təşkilatların yenilənməsi və ictimai fəallığın artırılması ətrafında geniş müzakirələr aparılıb.

Partiya sədri Adəm İsmayıl Bakuvi çıxışı zamanı bildirib ki, təşkilat bütün regionlarda yenilənmə prosesinə xüsusi önəm verir. Çünki mərkəzçi mövqeyə malik partiyanın regionlarda güclənməsi bütövlükdə ölkənin və dövlətin güclənməsi deməkdir. Onun sözlərinə görə, Vəhdət Partiyası üçün hər bir bölgə strateji əhəmiyyət daşıyır: "İnsanların etimadı ilə addımlayırıq və onların real ehtiyaclarına uyğun fəaliyyət göstərmək bizim ən böyük öhdəliyimizdir".

Sədr əlavə edib ki, əsas məqsəd yalnız genişlənmə deyil, eyni zamanda bölgə sakinləri ilə sıx ünsiyyət qurmaq, onların təşəbbüslərini dinləmək və ictimai problemlərin həllinə yönəlmiş fəaliyyətlər həyata keçirməkdir: "Təşkilatımızda hər kəsin sözü dəyərlidir. Birlikdə daha güclü ola bilərik".

Şirvan və Hacıqabul üzrə qarşıdakı dövrdə həyata keçiriləcək fəaliyyət planları diqqətlə müzakirə olunub. Yeni üzvlərin partiyaya qoşulması, şəhər özəklərinin genişləndirilməsi, gənclərlə iş və sosial layihələrin inkişafı əsas istiqamətlər kimi müəyyən edilib. Şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə dəstək və ekoloji təşəbbüslərin genişləndirilməsi prioritet olaraq saxlanılıb.

Konfrans çərçivəsində Şirvan şəhər təşkilatının rəhbərliyinə seçkilər keçirilib və İlkin Nuraliyev sədr seçilib. Hacıqabul rayon təşkilatı da yenidən formalaşdırılaraq Rövşən Heydərov sədr vəzifəsinə gətirilib.

Tədbirin sonunda iştirakçılar sosial layihələrin icrası, gənclərin partiya strukturunda rolunun artırılması, idarəetmədə şəffaflığın gücləndirilməsi və yerli məsələlərin daha operativ həlli barədə təkliflərini səsləndiriblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->