Sənət 14:30 23.02.2022

Xalq artistləri Kamil Cəlilovdan danışdı - Ölümünə inanılmayan sənətkar

"Onun qaboyunun sədalarında qəm-qüssə, dərd-kədər vardı”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şəfiqə Eyvazova mərhum Xalq artisti Kamil Cəlilovun xatirələrindən danışarkən deyib. Sənətkar Kamil Cəlilovun öz zəhməti ilə ucaldığını vurğulayıb: 
 
 

"Kamil mənim qohumumdu. Onun ölüm xəbərini sizdən eşitdim, çox pis oldum. Allah ona rəhmət eləsin. Kamil gözəl sənətkardı, əvvəllər qarmon, nağaraçalan olub, sonra keçib qaboy musiqi alətinə. Kamil konservatoriyanı müvəffəqiyyətlə bitirib, təkçə Azərbaycan musiqisi ilə kifayətlənməyib, eyni zamanda Avropa və Qərb bəstəkarlarının əsərlərini çalıb. Uzun müddət "Dan ulduzu” ansambılında işləyib. Zəhmətlə yaşayıb, əziyyəti ilə zirvəyə qalxıb. Əvvəllər onun tez-tez konsertlərini verərdilər, musiqilərini səsləndirərdilər. İnsan yaşa dolduqca unudulur. Əsasən də musiqiçilər. Meydana cavan nəsil gəlir. Amma Kamil sənəti təkdir, belə bir sənətkarı unutmaq olmaz. Sonradan isə Kamil Cəlilov ancaq 20 Yanvar faciəsi günü yada düşürdü. Yeganə sənətkardır ki, onun bütün musiqiləri 20 Yanvar günü səslənirdi. Onun qaboyunda qəm-qüssə, dərd-kədər vardı. Onu dinləyəndə istər-istəməz qəmlənirsən, dərdini yaşayırsan, yeri gələndə ağlayırsan. Kamil Cəlilov Azərbaycan musiqisində öz yeri olan sənətkardır”.

Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev Kamil Cəlilovunun seçilən və sənətinə sədaqətlə xidmət edən sənətkarlardan biri olduğunu deyib:
 


"Nə pis xəbər oldu... Bu xəbər vəziyyətimi pisləşdirdi. Mənim çox gözəl dostlarım, tanışlarım olub. Onlardan biri də Kamil Cəlilovdur. Kamil Cəlilov həmişə sənəti ilə seçilən biri olub. Kamil mədəniyyətə, sənətə sədaqətlə qulluq edən ifaçılardandır. Hörmətli şairimiz Bəxtiyar Vahabzadə deyərdi ki, tarda Ramiz Quliyev, qaboyda Kamil Cəlilov, kamanda Habil Əliyev sənəti... Mən bu sözləri həmişə eşitmişəm. Siz deyirsiniz, amma mən yenə də Kamil Cəlilovun ölümünə inana bilmirəm. Kamil müəllim həmişə yaşayan bir sənətkar olacaq və tarixdə qalacaq. Kamil ömrünün sonuna kimi qaboyuna sadiq qaldı, heç bir vaxt ondan ayrılmadı, dünənə kimi qaboyunu dinləndirirdi. İnsanların yaddaşında sənəti ilə qalan sənətkar idi. Allah ona rəhmət eləsin”.
Qeyd edək ki, bu gün Azərbaycanın Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov 84 yaşında dünyasını dəyişib. 
Bahar Rüstəmli