Xəbər lenti

Xərçəngdən ölüm riskini artıran amil açıqlandı
Sağlamlıq 20:00 02.06.2025

Xərçəngdən ölüm riskini artıran amil açıqlandı

ABŞ-da alkoqol istifadəsi ilə bağlı xərçəngdən ölüm halları son 30 ildə demək olar ki, ikiqat artıb. Bu nəticəyə Mayami Universitetinin Silvestr Onkologiya Mərkəzinin alimləri gəliblər.

Qaynarinfo "Journal of Clinical Oncology" jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir ki, tədqiqat 1990–2021-ci illəri əhatə edən dövrdə əhalinin sağlamlıq məlumatlarını analiz edib. 

Araşdırma alkoqoldan istifadənin sıx əlaqəli olduğu yeddi xərçəng növünə yönəlib: süd vəzi, qaraciyər, yoğun bağırsaq, boğaz, ağız boşluğu, qida borusu və səs telləri xərçəngi. Məlum olub ki, təxminən 30 il ərzində bu xərçəng növlərindən ölüm halları ildə 12 mindən 23 minə yüksəlib. Ən nəzərəçarpacaq artım 55 yaşdan yuxarı kişilər arasında qeydə alınıb – bu yaş qrupunda ölüm halları hər il orta hesabla 1%-dən çox artıb.

Buna baxmayaraq, alkoqolun xərçəng riskini artırması ilə bağlı ictimai məlumatlılıq aşağı səviyyədə qalır. 2019-cu ildə keçirilmiş sorğunun nəticələrinə görə, amerikalıların yalnız 45%-i alkoqolun xərçənglə əlaqəli olduğunu bilir. Müqayisə üçün, siqaretin zərərləri haqqında məlumatlılıq səviyyəsi 89% təşkil edir.

Alimlər bildiriblər ki, alkoqol bir neçə bioloji mexanizm vasitəsilə xərçəngin yaranmasına səbəb ola bilər. Belə ki, alkoqol (etanol) orqanizmə daxil olduqda asetaldehid adlı zərərli bir maddəyə çevrilir. Bu birləşmə xərçəngtörədici kimi tanınır və DNT-yə zərər verərək onun bərpasını əngəlləyir. Nəticədə DNT-də mutasiyalar yaranır ki, bu da şişlərin inkişafına gətirib çıxara bilər.

Bundan əlavə, alkoqolun parçalanması zamanı əmələ gələn sərbəst radikallar hüceyrələrdə, o cümlədən DNT, zülallar və lipidlərdə oksidləşdirici zədələnməyə səbəb olur. Spirtli içkilərdən sui-istifadə həmçinin qadınlarda estrogen səviyyəsini artırır. Bu hormonun artıqlığı isə süd vəzi xərçəngi riskini yüksəldir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->