Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) peşəkar birliklərinin hüquqi statusu ilə bağlı yeni qanun layihəsinin qəbul olunması təşəbbüsü ilə çıxış edib. Birliyin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, peşəkar birliklərin fəaliyyətinin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsi doğru deyil.
Qaynarinfo-ya açıqlamasında sözügedən mövzuya toxunan "Hüquq və İnkişaf İctimai Birliyi”nin sədri Hafiz Həsənov isə peşə birliklərilə bağlı ayrıca qanunun qəbul edilməsinə lüzum görmür:
"Peşəkar birliklərin hüquqi statusu məsələsi dəfələrlə qaldırılıb. Vaxtilə belə bir qanun layihəsinin hazırlanması ilə bağlı məsələ Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində müzakirə edilmişdi. Amma müzakirələr yarımçıq dayandırıldı. Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı məsələdə hüquqi baxımdan bir qədər sistemsizlik hökm sürür. Bu müstəviyə nəzər salsaq görərik ki, dövlət, kommersiya və qeyri-kommersiya sektorları mövcuddur. QHT-lər də qeyri-kommersiya sektoruna aiddir.
Düşünürəm ki, ölkədə qeyri-kommersiya təşkilatları ilə bağlı ayrıca qanuna ehtiyac var. Orada da ictimai birliklər, fondlar, təhsil müəssisələri, həmçinin peşə birlikləri üzrə bölünmələr aparılmalıdır. Peşə birlikləri də ictimai birliyin bir formasıdır. Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı da ictimai birliklərdir. Onlar da mahiyyət etibarı ilə ictimai birliklərin bir formasıdır. Ona görə də peşə birliklərilə bağlı ayrıca bir qanunun olmasına ehtityac görmürəm.
Mahiyyət etibarı ilə onların hamısı ictimai birliklərdir. Sadəcə, ayrıca qanun qəbul olunarsa, qeyri-kommersiya təşkilatları haqqında qanunda hökumət təşkilatları fəslinin bir bölümü kimi peşə birlikləri barədə hüquq normaları da təsbit oluna bilər və burada peşə birliklərilə bağlı fərqləndirici, xüsusi önəm verilməsi vacib olan məqamlar yer ala bilər”.
Rövşən Həsənov
Şərhlər