Xəbər lenti

Zaman səyahəti, yoxsa casusluq: 1943-cü ildə mobil telefonla danışan adam kimdir?
Dünya 22:39 17.06.2026

Zaman səyahəti, yoxsa casusluq: 1943-cü ildə mobil telefonla danışan adam kimdir?

Sosial media platformaları zaman-zaman keçmişin tozlu səhifələrindən çıxan və ilk baxışda məntiqə sığmayan detallara malik görüntülərlə gündəmə gəlir. Bu halın son nümunəsi II Dünya müharibəsi illərində İslandiyada çəkilən tarixi fotoşəkil olub.

Qaynarinfo xəbər verir ki, interneti iki yerə bölən və futuristik nəzəriyyələri alovlandıran bu kadr 1943-cü ildə paytaxt Reykyavikin ən sıx küçələrindən birində qeydə alınıb. Çoxlu əsgərin olduğu qrupun ortasında, dövrün dəbinə uyğun şıx geyimi ilə seçilən bir kişi əlini qulağına aparmış vəziyyətdə kadra düşüb. 

Sirli fiqurun barmaqları arasında tutduğu obyekt, mobil telefonun ixtirasından tam 40 il əvvəl müasir mobil cihazla danışırmış təəssüratı yaradır. Texnologiya tarixi üzrə kommersiya məqsədli ilk mobil telefon modeli kimi "Motorola DynaTAC 8000X” 1983-cü ili göstərir, bu isə fotodakı şəxsin davranışını "zaman yolçuluğu” ehtimalı ilə əlaqələndirən müzakirələri gücləndirib.

Şəkili illərdir arxivində saxlayan və sosial şəbəkədə ilk dəfə paylaşaraq müzakirəni başladan Kristian Hoffman görüntünün hekayəsini təsdiqləyir. ABŞ ordusunun İslandiya küçələrində mövcudluğunu göstərən bu tarixi kadrda küçənin ortasında tək dayanan şəxsin ətraf mühitdən tam qopmuş görünməsi diqqət çəkir. Hoffman həmin şəxsin digərlərindən fərqli papaq və şərf geyindiyini, müasir insan kimi rahat davrandığını və donuq baxışla birbaşa əlindəki obyektə fokuslandığını bildirir.

Görüntünün internetdə yayılmasından sonra konspirasiya nəzəriyyəçiləri və şübhəçilər arasında geniş müzakirə başlayıb. Bəziləri həmin şəxsin sadəcə qulağını qaşıdığını və ya o dövrdə mexaniki saatların işləməsini yoxlamaq üçün saatını qulağına yaxınlaşdırdığını iddia edir. 

Digər istifadəçilər isə o illərdə baza stansiyaları olmadan mobil telefonun işləməyəcəyini xatırladaraq, həmin şəxsin əslində kiçik əl radiosu daşıyan bir casus ola biləcəyini irəli sürür. II Dünya müharibəsi dövründə rəsmi olaraq neytral olsa da strateji mövqeyinə görə əvvəlcə britaniyalılar, daha sonra amerikalılar tərəfindən hərbi baza kimi istifadə edilən İslandiyada bu cür kəşfiyyat fəaliyyətlərinin mümkün olduğu da qeyd olunur.

Aydın

--> -->