Xəbər lenti

Dünya 13:17 25.04.2024

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

ABŞ və Niger rəsmiləri aprelin 25-də Niameydə ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə etmək üçün görüşəcəklər. Bundan sonra tərəflər qoşunların çıxarılmasını əlaqələndirmək üçün daha bir neçə dəfə görüşəcəklər. 

Qaynarinfo xəbər verir ki, Dövlət Departamentinin məlumatına görə, görüşdə ABŞ tərəfindən Nigerdəki səfir Ketlin Fitsqibbon və ABŞ-ın Afrika Komandanlığını təmsil edən general-mayor Ken Ekman olacaq.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller qeyd edib ki, Birləşmiş Ştatlar və Niger hərbi əməkdaşlıqla bağlı "qarşılıqlı anlaşmaya” gələ bilməyib. Eyni zamanda, dövlət katibinin birinci müavini Kurt Kempbell digər sahələrdə əməkdaşlığı müzakirə etmək üçün yaxın aylarda Nigerə səfər edəcək.

Niger, ABŞ nümayəndə heyətinin üç günlük səfərindən bir gün sonra Birləşmiş Ştatlarla hərbi razılaşmanın sona çatdığını elan edib. Üsyançı hakimiyyətin nümayəndəsi Amadu Abdraman bildirib ki, ABŞ nümayəndə heyəti diplomatik protokola əməl etməyib: o, heyətin tərkibi, gəliş tarixi və gündəliyi barədə məlumat verməyib.

Daha sonra "The Wall Street Journal” öz mənbələrinə istinadən yazıb ki, Nigerə gələn nümayəndə heyəti uran hasilatı məsələsində ölkənin İranla əməkdaşlığından narahat olduğunu bildirib. Amerika səlahiyyətliləri hesab edir ki, o zaman Niger öz uran yataqlarına İranın çıxışını təmin etmək üçün müqavilə imzalamağa hazırlaşırdı. WSJ-nin məlumatına görə, bu ittiham hərbi əməkdaşlığın dayandırılmasına səbəb ola bilər. 

Nigerlə Birləşmiş Ştatlar arasında imzalanmış saziş ABŞ ordusunun və Müdafiə Nazirliyinin mülki işçilərinin ölkədə qalmasına icazə verirdi. Nigerin şimalında ABŞ-ın dron bazası var. Bazada 1 minə yaxın hərbçi var. Bazanın tikintisinə 100 milyon dollara yaxın vəsait ayrılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->