Xəbər lenti

Şahmat dünyasında qalmaqal: Karlsen Dvorkoviçi istefaya çağırdı
Dünya 17:36 04.02.2025

Şahmat dünyasında qalmaqal: Karlsen Dvorkoviçi istefaya çağırdı

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti, rusiyalı Arkadi Dvorkoviçi istefaya getməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə o, X (Twitter) sosial şəbəkəsində yazıb.

"Oyunculara təzyiq, hakimiyyətdən sui-istifadə və vədlərin pozulması.

FIDE prezidenti Dvorkoviç, məni Nyu Yorkda keçirilən Rapid & Blitz turnirində iştirak etməyə razı salmaq üçün atama 19 dekabrda yazmışdınız:

"FIDE və Freestyle Chess Tour arasında tanınma ilə bağlı nə baş verirsə-versin, bu, oyunçulara heç bir şəkildə təsir etməyəcək. Onlar öz qərarlarını sərbəst qəbul edə bilərlər və FIDE onlara qarşı heç bir mənfi addım atmayacaq”.

Həmin gün daha sonra əlavə etdiniz: "Əgər sözüm FIDE Şurası tərəfindən sarsıdılarsa, istefa verəcəyəm”.

Lakin oyunçuları qəbuledilməz imtina sənədini imzalamağa məcbur etməklə siz verdiyiniz vədi pozursunuz. İndi istefa verəcəksinizmi?" – Karlsen yazıb.

Freestyle Chess Tour "Fişer şahmatı" formatında keçirilən turnirlər seriyasıdır. Bu şahmat variantı 11-ci dünya çempionu Robert Fişer tərəfindən təklif edilib və klassik şahmatdan fərqli olaraq, ilk və səkkizinci üfüqi sıradakı fiqurlar təsadüfi qaydada yerləşdirilir.

FIDE ilə Freestyle Chess Tour arasında müəyyən münaqişə var, çünki Karlsenin layihəsi öz turnir seriyasının qalibini dünya çempionu adlandırmağı planlaşdırırdı.
Qeyd edək ki, bu, tərəflər arasındakı ilk qalmaqal deyil. Bu ilin sentyabrında Maqnus Karlsen FIDE tərəfindən son əsrin ən böyük şahmatçısı adına layiq görüləndən sonra rusiyalı şahmatçıların beynəlxalq turnirlərə qaytarılmamasını tələb etmişdi.

Son vaxtlarda isə sürətli şahmat üzrə dünya çempionatında qalmaqal yaşanıb. Karlsen oyuna cins şalvarda gəldiyinə görə təşkilatçılar narazılıq bildirib. Cavabında norveçli şahmatçı FIDE-yə qarşı açıq etiraz edib və turnirdən diskvalifikasiya olunub. Bundan sonra təşkilat dərhal geyim qaydalarına dair tələbləri yumşaldıb və Karlsenin blits üzrə dünya çempionatında iştirakına icazə verib. Nəticədə norveçli şahmatçı rusiyalı rəqibi ilə birlikdə çempion olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->