Xəbər lenti

Aralıq dənizində
Dünya 20:10 20.03.2025

Aralıq dənizində "dərin təhlükə": Dünyanın ən dərin zibilxanasına çevrilir

Alimlərin Yunanıstan və İtaliya arasındakı dərin sularda aşkar etdiyi 167 ədəd tullantı obyekti Aralıq dənizinin təmiz sularına kölgə salır. Dənizin dibindəki bu çirklənmə gələcəkdə hansı təhlükələri yarada bilər?

Qaynarinfo xəbər verir ki, Aralıq dənizi dünyanın ən gözəl dənizlərindən biri hesab olunsa da, tədricən bir zibilxanaya çevrilmək təhlükəsi ilə üz-üzədir. Bu vəziyyət Sakit okeandakı nəhəng plastik tullantı adalarının bir bənzərinin burada da formalaşa biləcəyi anlamına gəlir.

Alimlərin çəkdiyi yeni görüntülər bu təhlükəni bir daha ortaya qoyub. Tədqiqatçılar Yunanıstan ilə İtaliya arasındakı İon dənizində, 5.112 metr dərinlikdə yerləşən Kalipso çökəkliyinin dibində yığılan tullantıların fotolarını çəkiblər. Bu görüntülərdə plastik, şüşə, metal və kağız kimi materiallardan ibarət 167 obyekt qeydə alınıb.

Aşkar edilən tullantılar arasında plastik torbalar, çuvallar, qida qabları, stəkanlar və qapaqları, plastik iplər, kağız kartonlar, metal içki qutuları və şüşə butulkalar kimi müxtəlif tullantılar olub. Mütəxəssislər bu kəşfin indiyə qədər bu dərinliklərdə qeydə alınan ən yüksək tullantı konsentrasiyalarından birini təşkil etdiyini bildirir.
 


Dənizin 5 min metr dərinliyindəki bu tullantılar gözlə görünməsə də, sahillərdən dənizə atılan zibillərin dibi örtən bir təbəqəyə çevrildiyini göstərir. Üstəlik, bu materialların soyuq mühitdə parçalanmasının min illər çəkəcəyi qeyd olunur.

Alimlər bəzi tullantıların bölgədən keçən gəmilərdən atıldığına dair izlər də aşkar ediblər. Bu da gəmiçiliyin dəniz çirklənməsində mühüm rol oynadığını təsdiqləyir.

Sakit okeanda da eyni problem müşahidə olunur. Asiya ilə Amerika arasında, suyun səthində yığılan minlərlə ton plastik tullantıdan ibarət nəhəng çöp adaları mövcuddur. Bu adalar okeana atılan tullantılar, mikroplastiklər və yüzen kimyəvi maddələrin toplanması nəticəsində formalaşıb.

Aralıq dənizində yaranan bu tullantı problemi ekosistemə ciddi zərər vurmaqla yanaşı, dəniz canlılarının da həyati təhlükə ilə üzləşməsinə səbəb ola bilər. Mütəxəssislər dəniz çirklənməsinin qarşısını almaq üçün daha sərt nəzarət və təmizləmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->