Xəbər lenti

Dünya 23:55 03.03.2025

"Avropa liderləri ABŞ-la münasibətləri korlamaq istəmirlər" - Ekspert

"Avropa liderləri danışıqlarda öz iştiraklarını möhkəmləndirmək istəyirlər ki, prosesdə onların da maraqları qorunsun".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə 18 Avropa liderinin London görüşünü şərh edərkən deyib.

Fərhad Məmmədov bildirib ki, Zelenskinin ABŞ-dakı görüşündən öncə ABŞ-Rusiya əməkdaşlığı və daha sonra prosesə Ukraynanın qoşulması ilə üçbucaq formalaşırdı: 

"Amma burada Avropanın hər hansısa iştirakı nəzərdə tutulmurdu. ABŞ rəsmiləri bildirirdi ki, Avropa ancaq sanksiyaların aradan qaldırılması mərhələsində danışıqlarda iştirak edəcək. Hazırkı durumda isə Avropa liderləri, əsasən də Fransa, Böyük Britaniya və daha sonra Almaniya çalışırlar ki, özlərinin də bu və ya digər formada danışıqlarda iştirakını təmin etsinlər".
 


Həmsöhbətimiz qeyd edir ki, London görüşündə Avropa liderlərinin məqsədi Ukrayna məsələsi üzrə danışıqlarda iştiraklarını təmin etmək və möhkəmləndirməkdən ibarətdir:

"Diplomatiya artıq fərqli müstəvidə inkişaf edir. Burada ikitərəfli format ABŞ - Rusiya formatıdır. Daha sonra ABŞ - Ukrayna olmalı idi. Lakin bu baş vermədi. İndi isə Ukrayna ilə ABŞ arasında vasitəçi rolunda Avropa liderləri çıxış edəcək. Yəni hazırda bu iki formatı görürük, ABŞ-Rusiya və ABŞ-Aİ vasitəsilə Ukrayna arasında danışıqlar gedir. Beləliklə də Avropa liderləri ən azından danışıqlarda öz iştiraklarını möhkəmləndirmək istəyir ki, prosesdə onların da maraqları qorunsun. Avropa liderlərinin bir xüsusiyyəti də var. Onlar NATO-dan çıxmaq və yaxud ABŞ-la münasibətləri korlamaq istəmirlər. Çünki ABŞ-ın verdiyi təhlükəsizlik qarantiyası əsas kimi götürülür və hazırkı mərhələdə heç kim bundan imtina etmək istəmir”. 

Qeyd edək ki, dünən Londonda Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniya baş naziri Kir Starmerin iştirakı ilə 18 Avropa liderinin sammiti baş tutub. Sammitə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski qatılıb. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edib. Toplantıda müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılması olub. Sammit fonunda Britaniya baş naziri deyib ki, Böyük Britaniya, Fransa və bəlkə də bir və ya iki başqa ölkə ABŞ-ın təqdim edəcəyi yeni sülh planı üzərində Ukrayna ilə işləyəcək. Starmer qeyd edib ki, müvafiq razılıqlar Ukrayna prezidenti Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makron ilə müzakirələr zamanı əldə olunub. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->