Avropada müşahidə olunan ölümcül isti hava dalğasının səbəbi ictimaiyyətdə səsləndirilən iddiaların əksinə olaraq təkcə El Nino fenomeni deyil.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərin fikrincə, əsas səbəb qlobal istiləşmənin təsiri ilə daha da güclənən meteoroloji sistemlər, xüsusilə də "istilik qübbəsi” adlandırılan atmosfer hadisəsidir. Üstəlik, yaxın günlərdə havaların sərinləşəcəyi gözlənilmir.
Fransada qırmızı həyəcan siqnalı
Fransa hökuməti iyunun 22-də ölkənin materik hissəsində yerləşən 96 departamentin yarıdan çoxu üçün qırmızı təhlükə xəbərdarlığı elan edib. Rəsmilər vətəndaşları maksimum ehtiyatlı olmağa və birbaşa günəş şüalarından uzaq durmağa çağırıblar.
Ölkənin geniş ərazilərində temperatur 40 dərəcəni keçib. Eyni zamanda gecə saatlarında temperaturun 20 dərəcədən aşağı düşmədiyi tropik gecələr müşahidə olunur.
Fransanın cənub-şərqində iki və dörd yaşlı iki uşaq ailələrinə məxsus avtomobildə ölü tapılıb. İstintaq orqanları hadisənin əsas ehtimal səbəbi kimi həddindən artıq istiləri qiymətləndirir.
Bu faciə Bordo yaxınlığında həftəsonu isti hava ilə bağlı sağlamlıq problemləri nəticəsində həyatını itirən üç yaşlı şəxsin ölümündən sonra baş verib.
Böyük Britaniya və Almaniyada da xəbərdarlıq
Böyük Britaniyanın Meteorologiya Xidməti İngiltərənin mərkəzi və cənub bölgələri, eləcə də Uelsin bəzi hissələri üçün qırmızı xəbərdarlıq yayıb.
Proqnozlara görə, yaxın günlərdə temperatur 39 dərəcəyə çatacaq və gecə saatlarında da yüksək səviyyədə qalacaq.
Meteorologiya xidməti bildirib: "Rütubət də mühüm amildir. Bu, isti hava dalğasının təsirini daha da gücləndirir və istilik stresini hər kəs üçün təhlükəli vəziyyətə çevirir".
Almaniyada isə yüksək temperatur xüsusilə ölkənin cənub və şərq bölgələrində meşə yanğınları riskini artırıb. Bonn, Ştutqart və Frankfurt da daxil olmaqla bir sıra şəhərlərdə həftəsonu temperaturun 40 dərəcəyə yaxınlaşacağı gözlənilir.
Səbəb El Nino deyil?
ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) bu ayın əvvəlində tropik Sakit okeanda El Niño şəraitinin yenidən formalaşdığını açıqlayıb.
El Nino Şərqi Sakit okeanda dəniz səthinin temperaturunun normadan yüksək olması ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Bu proses qlobal temperaturun yüksəlməsinə və daha ekstremal hava hadisələrinin yaranmasına səbəb ola bilir.
Bununla belə, bir çox media qurumu Avropadakı hazırkı istiləri El Nino ilə əlaqələndirsə də, qlobal hava proqnozlaşdırma platforması WYF24-ün təsisçisi İoanna Verqini bu yanaşmanın düzgün olmadığını bildirib.
Onun sözlərinə görə: "Hazırda Sakit okeanda güclü El Nino müşahidə olunmur. Hətta güclü dövrlərində belə onun Avropanın yay istilərinə birbaşa təsiri zəif və qeyri-müəyyəndir”.
Verqini əlavə edib: "Bu, rekord dərəcədə isti fon üzərində baş verən klassik jet axını bloklanması hadisəsidir. Əsas mexanizm istilik qübbəsidir, onu gücləndirən amil uzunmüddətli qlobal istiləşmədir. El Nino isə diqqəti yayındıran başlıqdır”.
El Nino haralarda təsir göstərir?
Mütəxəssislərin fikrincə, El Nino hadisəsinin əsas təsirləri tropik bölgələrdə hiss olunur.
Bu təsirlər arasında:
* Perunun şimalında daşqınlar;
* Şərqi Afrikada qeyri-sabit hava şəraiti;
* ABŞ-ın cənubunda hava dəyişiklikləri;
* Avstraliya, İndoneziya və Cənubi Amerikanın bəzi hissələrində quraqlıq və meşə yanğınları riskinin artması yer alır.
Avropa və Böyük Britaniyada isə El Nino daha çox dolayı təsirlərə malikdir və əsasən payız-qış mövsümündə hava şəraitinin dəyişkənliyini artırır.
El Nino müvəqqətidir, iqlim dəyişikliyi isə qalıcıdır
Alimlər qeyd edirlər ki, əksər El Nino hadisələri qlobal orta temperaturu təxminən 0,2 dərəcə artırır.
Lakin insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi artıq Yer kürəsinin orta temperaturunu sənaye öncəsi dövrlə müqayisədə 1,3–1,5 dərəcə yüksəldib.
Bu səbəbdən El Ninonun təsirləri də artıq isinmiş planetdə daha güclü hiss olunur.
Məsələn, təbii soyuducu təsirə malik La Nina şəraitinə baxmayaraq, 2025-ci il müşahidə tarixində ən isti üçüncü il olub və hətta güclü El Nino ili hesab olunan 2016-cı ildən daha isti keçib.
Avropa dünyadan iki dəfə sürətlə isinir
"Imperial College London” universitetinin iqlim alimi Friderike Otto bildirib: "El Nino təbii hadisədir. Gəlir və gedir”.
Onun sözlərinə görə, Avropa qlobal orta göstəricidən iki dəfə daha sürətlə isinir. Hazırda qitədə temperatur sənaye öncəsi dövrlə müqayisədə təxminən 2,5 dərəcə yüksəlib. Bunun əsas səbəblərindən biri Arktikada sürətli istiləşmədir. Arktikada temperatur qlobal orta göstəricidən üç-dörd dəfə daha sürətlə artır. Qar və buzların əriməsi nəticəsində Günəş şüalarını əks etdirən səthlər azalır, tünd rəngli səthlər isə daha çox istilik udaraq prosesi sürətləndirir.
Bundan əlavə, Avropada hava çirklənməsinin azalması insanların sağlamlığı və ətraf mühit üçün müsbət nəticələr versə də, atmosferdə soyuducu təsir yaradan aerozol buludlarının azalmasına səbəb olub və bu da əlavə istiləşməyə şərait yaradır.
Aydın
Şərhlər