Xəbər lenti

Avropanın danışıqlara qoşulması Kremlə ciddi problem yaradacaq (ŞƏRH)
Dünya 14:42 19.08.2025

Avropanın danışıqlara qoşulması Kremlə ciddi problem yaradacaq (ŞƏRH)

"Rusiya yaxşı bilir ki, danışıqlara Avropa tərəfinin cəlb edilməsi Kremlin Ukraynaya qarşı işğalçılıq siyasətinə ciddi maneələr yaradacaq"

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ağ Evdə baş tutan görüşdə Fransa lideri Emmanuel Makronun Ukrayna ilə bağlı üçtərəfli deyil, Avropa İttifaqının da iştirakı ilə dördtərəfli görüş təklifinin reallaşması imkanlarını şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, ABŞ Ukraynanı sülhə məcbur etmə adı altında işğal edilən ərazilərinin bir hissəsinin itirilməsilə sülhə razılaşmağa məcbur edir:

"Avropa İttifaqı isə bunun əksi olaraq Ukraynanın ərazi bütövlüyünün təmin olunmasında maraqlıdır. Bu səbəbdən birmənalı şəkildə aydındır ki, Kreml Avropanın da iştirakı ilə dördtərəfli görüşün baş tutmasında maraqlı olmayacaq".
 


Ekspert düşünür ki, dördtərəfli görüşün reallaşmaması isə üçtərəfli görüşdə əldə ediləcək qərarların effektiv olmamasına gətirib çıxaracaq. Bu baxımdan da həmsöhbətimizə görə, bu gün üçün nə üçtərəfli, nə də dördtərəfli görüş real nəticələr verəcək format deyil.

Qeyd edək ki, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna məsələsilə bağlı keçirilən görüşdə Avropa İttifaqı ölkələrinin liderləri, xüsusən də Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə üçtərəfli deyil, dördtərəfli görüşün keçirilməsini təklif edib. Makronun dediyinə görə, belə bir görüşdə Ukrayna, Rusiya və ABŞ-la yanaşı, Avropa İttifaqının nümayəndəsi də iştirak etməlidir. 

Xatırladaq ki, Tramp isə özünün də vasitəçiliyilə Ukrayna və Rusiya liderləri arasında üçtərəfli görüşün olacağını bildirib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->