Azərbaycanın kişi boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.
Boks Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, yığma ötən ildən qurumda texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.
44 yaşlı mütəxəssis Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.
2016-2023-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. Beynəlxalq Boks Assosiasiyasının 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev həmçinin Özbəkistanın əməkdar məşqçisidir. "Dostluq ordeni” ilə təltif edilib. 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.
Qeyd edək ki, R.Xocayev bu postda müqavilə müddəti başa çatan kubalı Pedro Rokeni əvəzləyib.
Şərhlər